“Bayden dönüb öz tarixinə baxsın”-Zərifə Quliyeva

Millətindən, irsindən, canlısından, cansızına kimi hər kəsin, hər şeyin bir tarixi, yeri, məkanı, dünyaya gəlmə səbəbləri, yaranması kimi amillər olmalıdır. Ancaq 106 ildir tarixi olmayan və yalanlar üzərində dünyaya gətirilən saxta «24 aprel- erməni soyqırımı» adlı bir «hadisə»nin olduğunu iddia edənlə görəsən özləri «yaratdıqları» bu saxtakarlığa inanırlar? Doğrudanmı «erməni soyqırımı» həqiqətdir? Tarixdə belə bir hadisə baş veribmi? 106 ildir ki, yaratdıqları bu saxta «soyqırımı» deyirlər, özləri də «araşdırırlar», sonda qanırlar ki, belə bir «soyqırım» olmayıb. Ancaq neyləmək lazımdır ki, tarixi olmayanlar «qaşınmayan yerdən qan çıxarmaq» istəyirlər, nəticəsi isə…Çünki belə bir məsələ siyasi riyakarlıqdır, bu, yalandır, uydurmadır. ABŞ prezidenti Cozef Baydenin aprelin 24-də səsləndirdiyi yalançı, uydurma və heç bir tarixi fakta əsaslanmayan ifadələri 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Həm də qeyri-real olan “erməni soyqrımı” ifadəsinin ABŞ kimi nüfuzlu bir dövlətin başçısının dilindən eşitmək məyusedicidir.

“Soyqırımı”na məruz qalmış bir xalq kimi özünü təqdim edən, bütün dövlətləri də bu yalanlara inandırmağa çalışan Ermənistanın mövcud olduğu qısa bir tarix ərzində azərbaycanlılara qarşı dəfələrlə qətliamlar, soyqırımlar, təxribatlar etdiyinin şahidi olmuşuq. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktlarla sübut edilmişdir. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Quba rayonundakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənmişdir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Təkcə çox da uzaq olmayan tarixdə – 29 il əvvəl ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı 613 azərbaycanlı qətlə yetirilib. Bu hadisə dünyanın gözü qarşısında, kameralar önündə baş verib və bunu sübut edən yüzlərlə video və fotolar mövcuddur. Amma dünya dövlətləri bu qədər faktlar qarşısında Xocalı soyqırımını qiymətləndirməkdə çətinlik çəkir.

Belə olan halda ABŞ prezidenti Cozef Baydenin dönüb öz tarixinə baxsın və araşdırsın. Və heç bir tarixi və dövlətçilik ənənəsi olmayan, özgə torpaqları hesabına yaradılmış, daim təcavüzkar və soyqırımı siyasəti həyata keçirən bir dövlətin yalançı maraqlarına xidmət edən «erməni soyqırımı» ifadəsinin işlədilməsi, sözsüz ki, ABŞ-ın yaxın gələcəkdəki siyasətində öz fəsadlarını göstərəcək. NATO-nun üzvü və alyansda böyük hərbi güc sahibi olan Türkiyənin itirilməsi, təbii ki, ABŞ üçün uğurlu deyil.

Bunu aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlətimizin başçısı bu qərarın tarixi səhv olduğunu, bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu qeyd edib. Həmçinin cənab Prezident Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu məmnunluqla qeyd edib. Bu da onu göstərir ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə heç vaxt siyasət meydanında həmişə, o cümlədən gərgin məqamlarda biri-birini tək qoymayacaq. Bu, ermənilərin və onların havadarlarının Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsidir. Bu cür saxta, qondarma olayı dünyaya bəyan etməklə həm qardaş ölkəni əsas məqsədindən–haqq-ədalətə yönələn siyasi mübarizəsindən çəkindirmək, beynəlxalq aləmdə baş verən haqsızlıqlar önündə susdurmaq, həm də erməni diasporunun, necə deyərlər könlünü xoş etməkdir.

Bir sözlə, ABŞ prezidenti C.Bayden məlum qərəzli bəyanatı səsləndirməklə düşmən ölkənin diasporu qarşısında seçki kampaniyasında verdiyi vədə sadiqliyini nümayiş etdirib: ona maliyyə dəstəyi göstərilməsi, səs verilməsi müqabilində belə ədalətsiz, haqsız, tarixdə baş verməyən uydurma, qondarma hadisə mövzusunu gündəmə gətirib. Əslində, təxribat xarakterli bu iftira dünyada hökm sürən ikili standartların, insan haqları üzərindən çalın-çarpaz xətt çəkilməsinin, demokratiyanın, beynəlxalq hüququn ancaq sözdə ifadə edilməsinin göstəricisidir. Əgər belə olmasaydı, ABŞ prezidenti heç bir tarixi fakta, dəlilə əsaslanılmayan bu bəyanatı vermək əvəzinə, saxta soyqırımı araşdırmağa, erməni diasporunun canfəşanlığının həqiqətlə nə dərəcədə bağlı olmasını üzə çıxarmağa təşəbbüs göstərərdi. Həmçinin, C.Bayden Türkiyə iqtidarının Ermənistana həmin dövr hadisələrini araşdırmaq üçün dəfələrlə birgə komissiyanın yaradılması təklifini verdiyini, qarşı tərəfinin isə bundan yayındığı həqiqətini nəzərə alardı.

Göründüyü kimi, bu qərəz, iftira illərdir ki, ermənilər tərəfindən siyasi alət kimi istifadə edilir, belə bir uydurma “soyqırımı faktının” dünya liderlərinin dilindən səsləndirilməsi üçün min bir oyundan çıxılır, hər cür şərəfsiz, ləyaqətsiz əmələ baş vurmaqdan belə çəkinilmir. ABŞ prezidentinin məsələyə dırnaqarası yanaşması da qeyd etdiyimiz ikili standarlardan, erməni diaspor-lobbisinin təzyiq və təhdidindən irəli gəlir. Tarixi faktlara diqqət yetirməklə deyilənlərin reallığını görmək olur. Belə ki, 30 ilə yaxın bir zaman ərzində Ermənistanın işğalçılıq siyasəti, qəsbkarlığı, vandallığı qarşısında ədalətli mövqe ortaya qoymayan, ermənilərin “haqq işi” uğurunda mübarizəsinə daim dəstək verən ABŞ, Fransa və digər havadar dövlətlər insan haqlarının, beynəlxalq hüququn tərəfindədirlərsə və özlərini «ədalət», «demokratiya müdafiəçiləri» hesab edirlərsə, nə üçün Xocalı soyqırımı barədə səslərini ucaltmayıblar, 44 günlük İkinci Qarabağ müharibəsində düşmən ölkəni beynəlxalq qanunlarla qadağan edilən silahlarla Gəncə, Bərdə, Tərtər və savaş bölgəsindən uzaq olan digər şəhər və kəndlərimizin onlarla sakinini qətlə yetirməsindən çəkindirməyiblər, bu cür insanlığa sığmayan faşist əməllərə siyasi qiymət vermək təşəbbüsü irəli sürməyiblər. Çünki həqiqət və reallıq, gerçəklik ortadadır və Baydenin “soyqırım” ifadəsindən istifadəsi tarixi saxtalaşdırmaqdır. Bu bəyanatla ABŞ-ın hazırkı prezidenti Co Bayden özündən qabaqkı prezidentlərindən fərqli olaraq erməni lobbisindən asılı olduğunu sübut etdi və yalançı, uydurma və saxta erməni tarixinə düşdü. Bir sözlə, ABŞ preztidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” siyasəti üzərindən təzyiq cəhdləri hec bir nəticə verməyəcək və Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi müdrik siyasət erməni yalanlarının ifşa olunmasında bundan sonra da həlledici rol oynayacaq.

ZƏRİFƏ QULİYEVA,

“Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri