Güney Azərbaycan Cumhuriyyət Partiyası dünayaya səsləndi-ÖZƏL

İran-İsrail münasibətlərinin bölgəsəl geopolitikaya təsiri və Güney Azərbaycan Türklərinin bu prosesslərdə roluna dair Güney Azərbaycan Cumhuriyyət Partiyası  siyasi tutumu və mövqeyi barədə ulusal açıqlama yayıb.

Kanal32.az özəl olaraq həmin səslənişi təqdim edir:

Dünyanın sayqın dövlətlərinə və uca millətimizə!!

Artıq hər kəsə məlumdur ki, dünya yönətimi dəyişməyə başlamış və son bir neçə ildə yeni siyasi düzən formalaşmaqdadır. Formalaşmaqda olan bu yeni dünya düzəni uğrunda mübarizə yaşadığımız coğrafiyadan da yan keçməməkdədir.

Bildiyimiz kimi yerləşdiyimiz coğrafi mövqenin tutumu və geo-siyasi əhəmiti, yani şərqlə qərbin kəsişməsində yerləşməsi və zəngin qaynaqlara sahib olması tarixən yaxın və uzaq yabançı qüvvələrin diqqətini vətənimiz Azərbaycana doğru çəkmişdir. Bu qüvvələr isə heç zaman bizim milli maraqlarımızla hesablaşmayıb, hər zaman öz mənfəətləri və istilaçı maraqlarından çıxış ediblər.

Bu vəziyyətin yaranmasında başlıca səbəb bizim vahid millət kimi milli güc olaraq öz milli maraqlarımızdan çıxış edə bilməməyimiz, eləcə də, bu istiqamətdə açıq hədəflər formalaşdıra bilmədiyimizdən bölgəsəl hərəkətlilikdə zəif durumda olmağımız milli kaderimizin başqaları tərəfindən müəyyən edilməsinə yol açmışdır.

Eyni zamanda, biz millət olaraq bu taleyi Azərbaycanımızın iki yerə bölünməsində və yadelli istilaçı dövlətlərin əlində yüz illərlə əsarətdə qalmasında da görmüşük. Bunun da acı nəticələrini və zillətini millət olaraq yüz illərdir yaşamaqda davam edirik. Biz ACP olaraq düşünürük ki, artıq keçmiş dərslərdən nəticə çıxarmalı, babalarımızın tarixən yol verdiyi yanlışıqlıqları bir daha təkrarlamamalıyıq.

Biz Azərbaycanlılar dünya yeni düzəninə keçid dönəmində daha uyğun şəkildə millətimizi ayağa qaldırmalıyıq. Bunun ilk yolu milli oyanış və milli bütövlükdən keçir. İran dövləti və onun başında olan farsçı rejimlər, millətimizi yüz illərdir öz mənfəətləri uğrunda hər cür savaşda, bəlada, inqilabda qurban verməkdədir. Həmişə savaşlar dövrü və çətin zamanlarında Azərbaycan Türkləri İran dövlət mənsublarının , İrançı zehniyyət sahiblərinin yadlarına düşməkdədir.

Bu gün də ortalıq qarışdıqca Azərbaycanlıları qurban vermək üçün İran rejimi bütün siyasi variantlarını işə salacaq, xalqımızı şirin milli vədləri ilə aldatmağa çalışacaqdır.

İran rejimi istənilən bir savaşı Azərbaycan torpaqlarına doğru çəkməyə və millətimizi iran-İraq savaşında olduğu kimi, bu savaşlarda yinə qurban verməyə cəhd edəcəyi danılmaz bir reallıqdır.

Son 100 ildə bu kimi təhlükələri bu bölgədən sovşduran biz Azərbaycan türkləri olsaq da, lakin bir millət olaraq öz ana torpaqlarımızda, milli haqlarımızı bərpa etmək istədiyimizə heç vaxt imkan verilməyib. Daima bu sahədə basqı altında əzilməyə məhkum olmuşuq. Hətta çox zaman milli haqlarımızı tələb etdiyimizə görə düşmən elan olunmuşuq.

İran adlanan coğrafiyada, Azərbaycanlılar döyüşən, çalışan, yaradan, ürətən və becərən bir millət olmasına baxmayaraq, həmişə aldatılan və uduzan bir millətə dönüşmüşdür. Bu səbəbdən bölgədə İran rejimi, iran dövlətçiliyi və iran kimliyi üzərinə böyük güclərin həmləsi və basqısı artdıqca biz də millət olaraq öz yerimizi bəlirləməli və bilməliyik.

Bu məqsədlə bəyan edirik:

1. Millətimiz istər İsrail – İran, istərsə də İran terrorçu rejiminə yönəlmiş digər savaşlara heç bir halda İran terrorçu rejimi ilə birlikdə qatılmayacaq. Güney Azərbaycan İran deyil. Bölgəyə gələn savaşın Güney Azərbaycanın sınırlarının xaricində durması üçün dünyanın bütün sivil dövlətləri ilə ortaq mövqedən çıxış edəcəyik.

2. Güney Azəbaycan Milli Hərəkatı “Millətlərin öz müqəddəratını təyin etmək hüququ” və “İnsanlara hürrüyət, millətlərə istiqlal” devzi ilə coğrafiyamızda yeni dünya düzəninə qatılımçı olacaqdır. İran adlanan ölkədə hər hansı bir savaş baş verəcəyi halda ACP, Azərbaycan Milli Hərəkatı ilə birlikdə Güney Azərbaycan milli dövlətinin və Cümhuriyyətinin qurulması və Azərbaycanın tarixi sərhədlərinin çızılması və qorunması üçün sürətlə hərəkətə keçəcəkdir. Belə bir halda ACP milli iradəmizə önəm verən hər bir tərəflə milli mənfətlərimiz çərçivəsində anlaşmaya qatılacaq və bu istəyin dışında kimsəyə heç vaxt güzəştə getməyəcəkdir.

3. İranın terror himayədarlığı, yayımçılıq (şovinizm) və işğalçılıq siyasətləri nəticəsində bölgəsəl savaş durumu yaranarsa, Güneydə azərbaycanlılar 50 milyonluq azərbaycanlının tək ümid yeri və dövləti olan Azərbaycan Respublikası dövlətinin qərarları ilə hərəkət etmək barədə açıq fikirlə çıxış edəcəkdir.

4. ACP düşünür ki, yüz illərdir millətimizin qanını tökərək insanlarımızı dar ağaclarında ölümə məhkum edən və millətimizi hər bir fürsətdə ən insani və ilkin haqlarından, rifahlı yaşamdan məhrum qoyan İran rejiminə qarşı olan və milli mənafeyimizə sayğı göstərən istənilən bölgəsəl güclərlə ortaq mənfəətlərdən çıxış edilməlidir.

5. Biz,  Azərbaycan milləti  və bütün insanlıq üçün bölgəmizdə və coğrafiyamızda terrora xidmət edən güclərə, nüvə silahlarına və atom bombalarına qarşı olacağıq. İşğala və savaşlara son qoyacaq yeni bir barış yönümlü, ədalətli bir milli dövlətin yaradılması əsas hədəfimiz olacaqdır.

6. Yeni dünya düzəni terəni (qatarı) bölgəmizdən keçdiyi sürəcdə 40 millyonluq Güney Azərbaycan toplumu ondan kənarda qalmamalı və bu terənin ən sayqın sakinləri olmalıdır. Çünki bölgədə sülh, barış, ədalət və bərabərlik yanlız Azərbaycan millətinin azadlığı və istiqlaliyyətilə mövcud olacaqdır.

7. Biz ACP olaraq Güney Azərbaycan Milli Hərəkatı adına bəyan edirik ki, təbii bir bölgəni kiçik etnik dövlətlərə parçalamaq, yerli olmayan xalqlara vədlər vermək heç bir halda bölgənin istiqrarına fayda gətirməyəcəkdir. Yalnız Güney Azərbaycanda Təbriz mərkəzli 40 milyonluq Azərbaycan Cümhuriyyəti quruluşunu bərpa etməklə coğrafiyamız demokratik dəyərlərə sahiblənmək və istiqrarına qovuşmaq şansını qazanacaqdır. Bu həm də bölgədə daha sağlıqlı, daha yüksək əmniyyətli və ekonomili gələcəyə bir zəmin yaradacaqdır.

Bu coğrafiya və bu coğrafiyanın qəlbi olan Azərbaycan, vahid bir bədəndən  ibarətdir. Bu çalışmalar isə bu bədənin bütün bir canlı kimi vahid şəkildə çalışmasına xidmət göstərəcəkdir. Beləliklə, Orta Doğu və Cənubi Qafqaz da gerçək mənada sülh, ədalət və barış üzü görəcəkdir.

 

Sayğılarla,

Güney Azərbaycan Cümhuriyyət Partiyası,

Təbriz şəhəri

13 aprel 2024-cü il

Kanal32.az

Leave a comment