Mənim fikrimcə, bugünkü insan Homo Deus yolunun ibtidai icma dövründədir: texnologiyası gələcəkdə, şüuru isə hələ daş dövründədir. Bu yazıda mən başqa sualı qoyuram: bu yolun sonunda nə var? Mənim cavabım budur ki, ali şüurun üç üzü var. Birincisi ədalətdir, ikincisi tənhalıq, üçüncüsü isə Tanrı qarşısında süqut. Bu üç üz eyni ağacın üç budağıdır: idrakın yüksəlişi. Onları birləşdirən anlayışı isə «ali şüurun ətaləti» adlandırıram: ibtidai şüur təbiət qarşısında ətalət yaratdığı kimi, ali şüur da elm və süni intellekt qarşısında ətalət yaradır.
Şahsız dünya: ədalətin yeni qoruyucusu
Zaman gələcək, dünya vahid süni intellektlə idarə ediləcək. Bunu heç bir hakim, heç bir şah idarə edəcək gücə sahib ola bilməyəcək.
Bu fikir mənə qorxu kimi yox, bir ümid kimi gəlir. Tarix boyu insan ədaləti axtarıb, amma ədaləti həmişə insan əlinə tapşırıb. İnsan əli isə titrəyir: qohumunu görəndə yumşalır, düşmənini görəndə sərtləşir, pul görəndə əyilir. Hər dövrün öz şahı, öz hakimi olub və hər dəfə ədalət onun hisslərinin, maraqlarının süzgəcindən keçib.
Düşünürəm ki, sabahın uşağı süni intellektlə qurulmuş bağçada, məktəbdə, təhsil mərkəzində böyüyəcək. Demək olar ki, bütün sahələrdə belə olacaq. Bu, ona görə baş verəcək ki, insanlarda demokratik ədalət və haqq düşüncəsi genişlənir. Genişlənən haqq düşüncəsi artıq bir nəfərin iradəsinə sığmır.
Sistemləşmiş ədalət qanunları əsrlər boyu insan idrakının məhsuludur. Süni intellekt bu qanunlarla hamını razı salacaq şəkildə idarə edəcək, çünki orada insan hissi, emosiya, maddi maraq və tanışlıq ortadan çıxacaq.
Bu arzu yeni deyil. Platon «Dövlət» əsərində ədaləti hiss və mal hərisliyindən təmizlənmiş filosof-hökmdarın əlində görürdü. XVII əsrdə Leybnits xəyal edirdi ki, bir gün iki insan mübahisə edəndə susub deyəcəklər: «Gəl hesablayaq». XX əsrdə Con Rouls daha incə bir fikir irəli sürdü: ədalətli qanunu yalnız «cəhalət pərdəsi» arxasında yazmaq olar, yəni qanunu yazan özünün varlı, yoxsul, güclü, ya zəif olacağını bilməməlidir. Mənim fikrimcə, süni intellekt bu pərdənin texnikada təcəssümüdür: o, kimin qohumu olduğunu soruşmur.
Amma burada bir sirr var və onu gizlətmək istəmirəm. Süni intellekt boş yerdən doğulmur. O, bizim yazdıqlarımızdan, verdiyimiz qərarlardan öyrənir. 2016-cı ildə ABŞ-da məhkəmələrdə istifadə olunan bir alqoritmin qaradərili təqsirləndirilənləri daha «təhlükəli» saydığı üzə çıxdı, çünki o, keçmişin ədalətsiz qərarlarından öyrənmişdi. Bu, mənim fikrimi təkzib etmir, əksinə təsdiqləyir: alət istifadəçinin biliyi qədər dəyərlidir, süni ədalət də onu öyrədən insanın ədaləti qədər təmiz olacaq. Demək, şahsız dünyaya gedən yol insanın öz qəlbini təmizləməsindən keçir.
Gələcəkdə dünyanı şah yox, ədalət idarə edəcək. Ədalətin düşməni hiss, maraq və tanışlıqdır. Hiss olmayan yerdə haqq var.
Sabahın həsrəti: münasibətlərin iflası
İnsanların sosial-psixoloji münasibətlər sistemi iflasa uğrayacaq. Bu günkü gün gələcəyin arzu edilən köhnəliyi olacaq.
Bu cümləni yazanda qəlbimdə bir ağrı hiss edirəm. Biz bu gün «köhnə insanlar», «köhnə dostluqlar», «köhnə qohumluqlar» deyəndə səsimizdə həsrət olur. Nənələrimizin qapısı açıq idi, qonşu qonşunun çörəyini bilirdi. Düşünürəm ki, sabahın insanı da bizim bugünkü münasibətlərimizə eyni həsrətlə baxacaq. Bizim tələsik görüşlərimiz, telefonla göndərdiyimiz salamlar onun üçün itirilmiş isti bir dünya olacaq.
Bu, sadəcə hiss deyil, elm də bunu deyir. Ümumdünya Səhiyyə Təşkilatının 2025-ci il hesabatına görə, dünyada hər altı nəfərdən biri tənhalıq yaşayır, tənhalıq hər il təxminən 871 min insanın ölümü ilə əlaqələndirilir; ən çox tənhalıq çəkənlər isə gənclərdir. Sosioloq Ziqmunt Bauman müasir dövrü «axıcı modernlik» adlandırırdı: münasibətlər su kimi axır, heç bir formada uzun qalmır. Psixoloq Şerri Terkl isə bizim halımızı bir ifadə ilə dedi: «Birlikdə tək».
Mənim fikrimcə, bunun səbəbi şüurun özündədir. İnsan nə qədər çox bilir, bir o qədər az ehtiyac duyur. Ehtiyac isə münasibətin köküdür. Ovçu sürü olmadan yaşaya bilmirdi, kəndli qonşusuz məhsul yığa bilmirdi. Bugünkü insan isə hər şeyi bir ekrandan alır. Ehtiyac azaldıqca bağlar da zəifləyir.
İnsan şüurunun aliliyi onun ətalətini yaradacaq. Biz «köhnə insanlar» deyirik, sabahkılar «köhnə biz» deyəcək.
Bu, bir hökm yox, bir xəbərdarlıqdır. Mənim fikrimcə, insan bu ətaləti hiss etdikdən sonra yenə təbiiyə qayıdacaq: yenə dost axtaracaq, yenə qapını döyəcək, sadəcə daha dərk edərək. Çünki həsrət də bir idrakdır: itirdiyini anlayan insan onun dəyərini ilk dəfə görür.
Zirvədə süqut: Tanrı qarşısında əyilən idrak
İnsan idrakının aliliyi onun ətalətinə səbəb olacaq. Bu ətalətin səbəbi Tanrının böyüklüyünün idrak üçün əlçatmazlığıdır.
İnsan nə üçün yüksəldikcə dayanır? Mənim cavabım budur: çünki yuxarı çıxdıqca qarşısında açılan sonsuzluğu görür. Dağın ətəyində duran insan zirvəni hədəf sanır. Zirvəyə çıxan isə görür ki, qarşıda daha min dağ var.
Müasir elm bu hissi rəqəmlərlə təsdiqləyir. Kosmologiyaya görə, bildiyimiz bütün adi maddə — ulduzlar, planetlər, bizim bədənimiz — kainatın təxminən beş faizini təşkil edir; qalan doxsan beş faiz qaranlıq maddə və qaranlıq enerjidir: varlığını hiss edirik, amma nə olduğunu bilmirik. Kainat genişləndikcə onun elə hissələri var ki, işığı bizə heç vaxt çatmayacaq. Riyaziyyatçı Kurt Gödel isə sübut etdi ki, hər hansı ardıcıl formal sistem öz içindəki bütün həqiqətləri sübut edə bilməz. Yəni ən mükəmməl ağıl da öz sərhədinə dirənir.
Yüksək idrak və kəşflərin insanı ətalətdə saxlaması sonsuz kainatın, Tanrının varlığının insan üçün əlçatmaz olduğunun sübutudur.
Böyük alimlər də bu sərhəddə dayanıb əyiliblər. Nyuton ömrünün sonunda deyirdi ki, özünü dəniz sahilində daşlarla oynayan uşaq kimi hiss edir, həqiqətin ucsuz-bucaqsız okeanı isə qarşısında kəşf olunmamış qalır. Paskal sonsuz fəzaların sükutu qarşısında titrəyirdi. Kuzalı Nikolay bunu «elmli cəhalət» adlandırırdı: ən yüksək bilik insanın nəyi bilmədiyini bilməsidir. Vitgenşteyn isə «Traktat»ını belə bitirdi: danışa bilmədiyimiz şey haqqında susmaq lazımdır.
Elmi-fəlsəfi idrakın zirvəsi insanın Tanrı qarşısında süqutudur.
Mən burada «süqut» sözünü bilərəkdən seçirəm. Bu süqut alçalmaq deyil, əyilməkdir. Sünbül dolduqca başını aşağı əyir, boş sünbül isə dik durur. Özünü tanrı sanaraq dik dayanan insan boş sünbülə bənzəyir, idrakı dolan insan isə başını əyir. Mövlana deyirdi ki, sən dalğasan, dəryanı axtarırsan. Mənim fikrimcə, zirvəyə çatan idrak nəhayət anlayır ki, dalğa dəryanı ölçə bilməz, sadəcə onun içində əyilə bilər. Bu əyilmənin ardından isə sükut gəlir: sözün bitdiyi, heyrətin başladığı yer.
İdrak yüksəldikcə ətalət yaranar. Ətalət Tanrının böyüklüyünün sübutudur. Zirvəyə çatan əyilər. Əyilən susar.
Və nəticə…
İnsanın idrakı heyrətlə başladı: göy gurultusundan qorxan ibtidai insan əlini başına qoyub susdu. İdrakın sonu da eyni yerdədir. İbtidai insan bilmədiyi üçün susurdu, ali şüurlu insan isə bildiyi üçün susacaq. Birinci sükut qorxu idi, sonuncu sükut heyrət olacaq.
Heyrətlə başlayan idrak heyrətlə bitir. Arada keçən yol isə insanın özünü kəşf etməsidir.
Ədalət, tənhalıq və süqut ali şüurun qarşısında açılan üç qapıdır. Mənim fikrimcə, insan üçüncü qapıdan keçəndə ilk ikisinin mənasını anlayacaq: ədalət ona Tanrının nizamını, tənhalıq isə Tanrının da tanınmamaq tənhalığını xatırladacaq. Və o zaman Homo Deus artıq özünü Tanrı sanmayacaq, Tanrının kəşfi olduğunu anlayacaq.
Müəllif: Namiq Tofiqoğlu