Bir vaxtlar məşhur olmaq üçün istedad, zəhmət, bilik, bacarıq gərəkirdi. İndi bəzən bir az həyasızlıq, bir telefon, bir də insanların diqqətini çəkmək yetər. Dünənədək heç kimin tanımadığı adam bu gün minlərlə insana necə yaşamağı, nə yeməyi, nə geyinməyi, hətta necə düşünməyi öyrədir. Ən qəribəsi isə budur ki, biz də oturub onu dinləyirik.
Səhər gözümüzü açan kimi telefon əlimizə keçir. Biri kirayə maşının qabağında varlılıq dərsi keçir, biri üç kitabdan öyrəndiyi beş cümləni həyat fəlsəfəsi kimi satır. Başqa bir çütlük ekran önündə xoşbəxt ailə görüntüsü yaradır, ardınca uşaqlarımız üçün bir məhsul tərifləyir. Biz baxırıq, inanırıq, bəzən də alırıq. Bəs heç düşünürükmü, gördüyümüz həyat gerçəkdirmi?
Mən belələrinə “yayım yaratıqları” deyirəm.
Bunlar internetdə özlərinə yalançı yaşam biçimi quran, olmadıqları adam kimi görünən, saxta üstünlüklərini qazanca çevirən adamlardır. Əvvəl özlərini bizə bəyəndirirlər, sonra bizə mal satırlar. Əslində isə satdıqları təkcə məhsul deyil, bizim öz həyatımızdan narazılığımızdır. Bizə gərəkməyən şeyi gərəkli göstərmək üçün öncə içimizdə çatışmazlıq duyğusu yaradırlar. Guya onların geyindiyini geyinməsək, yediyini yeməsək, getdiyi yerə getməsək, həyatımız yarımçıq qalacaq.
Onlar bizə xoşbəxtlik satmırlar, əvvəl bizi bədbəxt olduğumuza inandırır, sonra xoşbəxtliyin qiymətini söyləyirlər.
İş yalnız internetin törətdiyi saxta məşhurlarla bitmir. Sevdiyimiz aktyorun oynadığı qəhrəmana vuruluruq, müğənninin səsinə heyran qalırıq. Amma sənətini tanıdığımız adamın özünü nə qədər tanıyırıq? Özü işlətmədiyi məhsulu bizə tərifləyirmi? Öz övladına vermədiyi qidanı bizim uşağımıza məsləhət görürmü? İnanmadığı bir xidmətə yalnız pul üçün üz qoyurmu?
Bunu yoxlayan qurum varmı???
Əlbəttə, bütün məşhurları bir gözlə görmək olmaz. Dürüst sənətkarlar, dəyərini qoruyan özünə sayğılı yayımçılar da var. Ancaq bir gerçəyi unutmayaq: gözəl səslə oxumaq dürüstlük sənədi, yaxşı rol oynayan aktyorun önərisi isə hər hansı məhsulun keyfiyyət güclədirəcək bir faktor deyil.
Psixologiyada buna yaxın bir yanılma “halo effekti” adlanır. Adamı bir işinə görə bəyənirik, sonra heç bilmədiyi işlərdə də ona inanırıq. Bir də ekranda gördüyümüz adamı özümüzə yaxın, az qala ailəmizin üzvü saymaq var. Elm buna “parasosial bağlılıq” deyir. Araşdırmalar göstərir ki, belə birtərəfli yaxınlıq duyğusu insanların alış istəyinə təsir göstərə bilir.
Düşünün, adam sizi heç tanımır, adınızı belə bilmir. Amma siz onun məsləhəti ilə pulunuzu xərcləyir, bəzən övladınızın nə yeyəcəyinə qərar verirsiniz. Tanımadığımız adama inanırıq, bizi tanımayan adam isə bu inamdan pul qazanır.
Sonra başlayırıq televiziyaları danlamağa: niyə bu bayağı adamları məşhur edirsiniz? Yaxşı, bəs biz nə edirik?
Birinin gülünc görüntüsünü görürük, dostumuza göndəririk ki, bax, buna gül! Dostumuz başqasına yollayır. Altında yüzlərlə adam söyür, minlərlə adam lağ edir. Biz elə bilirik ki, onu biabır etdik. Əslində isə tanıtdıq. O, izlənmə qazandı, izlənmədən şöhrət, şöhrətdən pul qazandı.
Dünən lağa qoyduğumuz adam bu gün restoranların, şənliklərin, reklamların baş qonağıdır. Sabah uşaqlarımız onu özünə örnək götürəndə isə təəccüblənirik.
Biz bayağılığı qınayırıq, amma onu öz əlimizlə yayırıq. Bəyənmədiyimiz adamın şöhrətinə özümüz pilləkən qoyuruq, bəzən öz ailə şənliklərimizə pul verərək çağırırıq.
Məsələnin daha qorxulu yanı isə budur ki, artıq savaş yalnız pulumuz uğrunda getmir. Ağlımız, duyğularımız ,duyumlarımız , seçimlərimiz , düşünmək gücümüz uğrunda da gedir.
Məncə, bilikli, sorğulayan, öz qərarını özü verən toplumu aldatmaq çətindir. Bir vaxtlar insanı bilgisiz saxlamaq yönəltməyin yollarından biri idi. İndi isə onu həddindən artıq bilgiyə, xəbərə, qorxuya, qəzəbə, reklama və bir-birinə zidd iddialara boğmaq da yönəltmə vasitəsinə çevrilə bilir.
Burada hər şeyi idarə edən vahid gizli əldən danışmıram. Belə bir iddianı doğrulayan dəlil yoxdur. Ancaq siyasi güclərin, reklam verənlərin və böyük yayım meydanlarının diqqətimiz uğrunda yarışdığı da gerçəkdir. Bir faktı yadınıza salım bütün dünya bank kartların üstündə təkcə visa,maestro və amerikan express nişanı niyə var ?
Çölçü Bilgənin bir deyimi var:
“Pusqudan duyuq düşənin önünə yalançı seçimlər səp; çoxluq ağlını yoracaq, yorğunluq sayıqlığını söndürəcək, yönü öz-özünə dolaşacaq.”
Bu düşüncənin elmi araşdırmalarda da qarşılığını görürük. RAND araşdırma qurumu 2016-cı ildə “Yalan seli” adlandırılan təbliğat üsulunu incələmişdi. Bu üsulda çoxlu kanaldan sürətlə, dayanmadan, bəzən bir-birini təkzib edən iddialar yayılır. Belə yayım yalnız insanı yalana inandırmaqla deyil, doğrunu seçməsini çətinləşdirməklə də təsir göstərə bilir.
Bu araşdırma bütün internetin eyni qayda ilə işlədiyini sübut etmir. Ancaq bir təhlükəni anlamağımıza kömək edir: insanın ağlını əlindən almaq gərək deyil, diqqətini min yerə bölmək də bəzən yetər.
Bir düşünün, gün ərzində yüzlərlə görüntüyə baxırıq. Minlərlə söz eşidirik. Dünyanın o başında kimin kimdən ayrıldığını bilirik, amma öz evimizdə uşağımızın nə düşündüyünü bilmirik. Tanımadığımız adamların həyatını izləyirik, öz həyatımızı yaşamağa vaxt tapmırıq.
Bəşəriyyət tarixində bilgi heç vaxt bu qədər əlçatan olmamışdı. Ancaq bilginin çoxluğu hələ biliklik demək deyil. Hər şeyi görən göz hər şeyi anlamır. Hər şeydən xəbərdar olan adam da mütləq düşünən adam olmur.
Bütün bunların ən ağır bədəlini isə uşaqlarımız ödəyə bilər. Onlar hələ öz dəyərlərini, düşüncələrini, kimliklərini qurarkən qarşılarına saxta zənginlik, saxta gözəllik, saxta uğur örnəkləri çıxır. Zəhmət çəkmədən varlanmaq, öyrənmədən öyrətmək, yaratmadan məşhurlaşmaq adi həyat yolu kimi görünməyə başlayır.
Bir toplum üçün bundan təhlükəli nə ola bilər? Uşaqlarımız alimə, müəllimə, sənətkara, yaradıcı insana deyil, yalnız izlənmə sayı çox olan adama heyran qalmağa başlayırsa, artıq söhbət təkcə yayımın keyfiyyətindən getmir. Söhbət gələcəyimizdən gedir.
İnternet düşmən deyil. Televiziya da düşmən deyil. Onlar bilgi, yaradıcılıq, öyrənmə və inkişaf üçün böyük imkanlardır. Düşmən yalanı qazanca, bayağılığı şöhrətə, insanın zəifliyini isə alış-veriş vasitəsinə çevirən düşüncədir.
Dinozavrlar bir zamanlar yer üzünün ən güclü canlıları idi. Ancaq onların da dövrü bitdi. Mən inanıram ki, bu gün ekranları zəbt edən yayım yaratıqlarının da dövrü bitə bilər. Onların yerini doğruluğa, ölçüyə, sorumluluğa, insan ləyaqətinə söykənən yayımçılıq tutmalıdır. Mən buna törəli yayımçılıq deyirəm.
Ancaq burada ən böyük sorumluluq yalnız televiziyanın, yayım meydanlarının, dövlətin üzərinə düşmür. Bizim də payımız var. Çünki hansı görüntünün böyüyəcəyini, hansı adamın məşhurlaşacağını, hansı yalanın minlərlə insana çatacağını çox vaxt bizim öz barmağımız müəyyənləşdirir.
Və sonda özümüzə bir sual verməliyik:
Biz yayım yaratıqlarından qurtulmaq istəyirik, yoxsa onları izləyib, paylaşaraq böyütməkdən zövq alırıq?
Çünki yayım yaratıqlarını yaradan təkcə ekran deyil.
O ekranın qarşısında oturan bizik.
Eltən Törəçi,
dəyər yaradıcısı