Bir çox insan Bakıdan köçmək istəyər-Səbəbi isə…

Bakı şəhərinin infrastrukturunun və təbii ehtiyatlarının mövcud əhali sayına yetmədiyi artıq hər kəsə məlum olan bir məsələdir. Yağışdan sonra yaranan problemlər, hər yay fasilələrlə verilən su, mənzil problemi və tıxaclar paytaxtın böyüməsi ilə mövcud ehtiyatlar və infrastrukturun tərs mütənasib olduğunu bariz şəkildə ortaya qoyur.
Əslində, dövlətin də bu sahədə işlər gördüyünün fərqindəyəm. Yəni dövlət bu problemlərə ümumiyyətlə yanaşma sərgiləmir demək də düzgün deyil. Məsələn, son zamanlar universitetlərin paytaxtdan regionlara köçürülməsi layihələri mənə görə reallaşarsa paytaxtın əhali sayının artmasına qarşı ən effektiv yanaşmalardan biri olacaq.
Mənə görə universitetlər paytaxtın əhali sayının artmasına ən çox təsir göstərən amildir. Çünki hər il yüzlərlə gənc təhsil almaq üçün paytaxta üz tutur. Bir çoxu isə elə Bakıda qalır, işləyir, sevir, evlənir. Universitetlərin regionlara köçürülməsi isə hər şeydən öncə bu axının istiqamətini dəyişəcək və gələcək perspektivdə gənclərin oxuduqları şəhərlərdə ailə qurub işləmələrinə təsir edəcək.
Lakin universitetlərin regionlara köçürülməsi yetərli tədbir deyil.
Ümumiyyətlə, Bakının əhalisi azalmalıdır. Yəni təkcə gələn əhalinin qarşısı alınmamalıdır, həmçinin mövcud Bakı sakinlərinin də regionlara köçü təmin edilməlidir. Məsələn, son zamanlarda biz daha çox məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə köçünün şahidi oluruq. Bu, müsbət hadisədir.
Lakin həm işğaldan azad edilən ərazilərin, həm də regionların inkişafına nail olmaq istəyiriksə, eyni qaydada paytaxtda yaşayan insanların regionlara köçünü stimullaşdırmaq lazımdır.
Bunu vergi güzəştləri və aşağı faiz dərəcəli kreditlər vasitəsilə etmək olar. Vətəndaş aşağı faizlə kredit ala bilsə, zənnimcə, regionlara köç edib ev almaqda və sahibkar olmaqda maraqlı olar. Şəxsi müşahidələrimdən görürəm ki, bir çox insan uyğun şərtlər olsa, Bakıdan köçmək istəyər.
Müəllif: Turan Rzayev