“Samuxlu Brilyant xanım”kitabının təqdimatı keçirilib-FOTOLAR

Mingəçevir təhsilinin inkişafında xüsusi xidmətləri olan dəyərli ziyalılarımızdan biri, təqaüddə olan qabaqcıl maarif işçisi , Mingəçevirdə ilk ”Şöhrət” ordenli Brilyant Əhmədova haqqında “Samuxlu Brilyant xanım”adlı kitabın təqdimat mərasimi keçirilib.

“Samuxlu Brilyant xanım”kitabı yazıçı-jurnalist,”Qızıl qələm”mükafatı laureatı Yusif Ələkbərovun növbəti kitabıdır. Müəllif Azərbaycan təhsilində sayılıb seçilən pedoqoqlardan biri olan Brilyant xanımın altmış ildən artıq gənc nəslin tərbiyəsində göstərdiyi xidmətləri konkret faktlarla diqqətə çatdırmaqla bərabər həm də keçdiyi həyat yoluna işıq salıb.Qazandığı uğurların sirrini onun zəhmət-sevərliyində,tədris etdiyi biologiya fənnini mükəmməl bilməsində ən ümdəsi isə şagird və valideyinlərlə qurduğu mehriban münasibətinin timsalında aydınlaşdırır.

Bu münasibətlə Mingəçevir bələdiyyəsinin akt zalında keçirilən təqdimatda Mingəçevirin təqaüddə olan ziyalı xanımları, Brilyant xanımın dostları,qohumları,şəhərin ictimayyət nümayəndələri,jurnalistlər iştirak ediblər. Əvvəlcə çıxış edən Validə xanım Əlizadə bildirib ki, bu kitab gənc müəllimlərin stolüstü kitabı olmalıdır. Çünki cəmiyyətimizin ən hörmətli və etibarlı insanları sırasında müəllimlər daim ön mövqedə olurlar.Onlar yalnız öyrədən və bilik verən deyillər. Həm də gələcək nəsli tərbiyə edən,onların şəxsiyyət kimi formalaşmasında böyük rol oynayan insanlardır.

Qeyd olunub ki, Brilyant Əhmədova Mingəçevir təhsilinə verdiyi töhfələrlə iz buraxmış pedaqoqdur. 84 yaşlı müəllimə öz dövrünün ən dəyərli,ən savadlı və peşəsini sevən,şagirdləri sevən müəllimlik peşəsində şərəf və ləyaqətlə çalışan pedoqoq olub.

Kitab müəllifi Yusif Ələkbərov çıxışında kitabının məziyyətlərindən danışaraq,bu kitabda onun mənalı həyat yoluna güzgü tutaraq XX əsrin ortalarından XXI əsrin ilk on illiklərinə qədər olan dövrdə Mingəçevir təhsilindəki mövqeyindən söz açıb. Müəllimin kitab təqdimatında həmkarların və pedaqoqların iştirakı tədbirə xüsusi peşəkarlıq, dərinlik və peşəkar müzakirə ab-havası qatıb. Onlar çıxışlarında həm əsərin pedaqoji dəyərini auditoriyaya çatdırb, həm də müəllimə mənəvi dəstək olublar.

   Həmkar pedaqoqlar kitabın təhsilə, təlim-tərbiyə prosesinə və pedaqoji fikrə verdiyi töhfəni elmi və praktik baxımdan qiymətləndiriblər.Onu da qeyd ediblər ki,Brilyant xanım zəhmətkeş müəllim, təcrübəli pedaqoq olmaqla yanaşı, həm də çox işgüzar, yardımsevər, qohumcanlı, yaxşılıqlara dolu bir xanımdır.

Qeyd edək ki,Brilyant müəllimi hamı Mingəçevirdə bioloq kimi tanıyır. O, Mingəçevirdə “Şöhrət”ordeni alan ilk və tək müəllim olub.

Esmira Hidayətova,

Mingəçevir