Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər təqdim edilib

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində “İz Azerbaydjana na front” (Azərbaycandan cəbhəyə) və “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” adlı nəşrlər təqdim edilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, hər iki kitab Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü ilə MEK-ə təqdim olunub.

“Azərbaycandan cəbhəyə” kitabı 1941-1945-ci illərdə lend-liz proqramı çərçivəsində İran və Azərbaycan vasitəsilə ABŞ-dan SSRİ-yə hərbi texnikanın tədarükü və tranzit yüklərin daşınmasının təşkilinə dair tarixi-publisistik nəşrdir. Kitabın müəllifi aviasiya tarixçisi Vyaçeslav Filippovdur.

Ölkəmizin Küveytdəki səfirliyinin I katib-konsulu Mirdavud Sultanovun müəllifi olduğu “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” kitabında Azərbaycan diplomatiyasının müstəqillik dövründə əsas vəzifə və prioritetləri, dünya ölkələri ilə münasibətləri və digər məlumatlar öz əksini tapıb.