Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Türkiyənin Fırat Universitetinin təşkilatçılığı ilə keçirilən “Din və mədəniyyət simpoziumu: din və sağlamlıq” mövzusunda beynəlxalq simpoziumunda məruzə ilə çıxış edib.
“Xalq təbabəti metodu kimi Həzrət Peyğəmbər dövründə hacamat” mövzusunda məruzə ilə çıxış edən dosent E.Əzizova erkən dövr İslam tarixi mənbələri əsasında ilk İslam toplumunda ənənəvi xalq təbabəti üsullarından və həmin dövrün tibb ənənəsində hacamatın rolundan bəhs edib.
Məruzəçi hacamatın müsəlmanlara məxsus dini müalicə üsulu olmadığını, dünya tibb tarixində 3500 ildən artıq mövcud olan qanalmanın islamaqədərki ərəblər arasında da hacamat adı ilə tətbiq edilən xalq təbabəti metodlarından biri olduğunu bildirib. Həmçinin bu sahədə bilik və bacarığı olan şəxslər tərəfindən pasiyentin ümumi sağlamlıq vəziyyəti nəzərə alınaraq, tətbiq olunmasına icazə verildiyini vurğulayıb.
Mövzu ilə əlaqədar 64 elm adamının məruzəsi 7-9 oktyabr 2021-ci il tarixləri arasında dinləniləcək.