Hamı qəbul edər ki, ölkədə ən informasiyalı şəxs Prezident İlham Əliyevdir. Heç kəs onun qədər geniş xarici əlaqələrə və müxtəlif səviyyələrdə informasiya almaq imkanlarına malik deyil. O, bir mənbədən deyil, bir neçə, özü də bir-birindən asılı olmayan və daha etibarlı mənbələrdən məlumat almaq imkanına sahibdir. Bu baxımdan mən həmişə hesab etmişəm ki, Prezidentin çıxışlarına adi nitq kimi yox, dövlət siyasətinin mahiyyətini anlamağa imkan verən ciddi siyasi material kimi yanaşmaq lazımdır. Bu çıxışlar xüsusi həssaslıqla izlənilməli, təhlil olunmalı və dövlət qurumları, səlahiyyətli şəxslər, eləcə də media nümayəndələri yeni istiqamətlər tutmalıdır.
Prezidentin çıxışları, ilk növbədə, dövlət idarəçiliyinin bir hissəsidir. Amma həmin çıxışların ictimaiyyət və media üçün ayrıca əhəmiyyəti var.
İlham Əliyev dünən dini liderlərlə görüşündə çıxış edərkən diqqətçəkən bir ifadə işlətdi: “Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz.”
Hesab edirəm ki, bayraqdakı üç rəngin kodları ilə Prezidentin səsləndirdiyi üç komponent arasında ideoloji üçbucaq qurmaq mümkündür. Türkçülük və İslam bu komponentlərin açıq ifadə olunan tərəfləridir. Bəs bayraqdakı müasirlik rəmzi Qafqaz amilinə uyğun gəlirmi? Şübhəsiz! Azərbaycan dünənə qədər “Avropa dəyərləri” adlandırdığımız müasirlikdən imtina etmir, əksinə Şərq ilə Qərbin qovşağında modern dövlətçilik modelini ortaya qoyan coğrafiya kimi özünü ifadə edə bilər. Bu baxımdan, söhbət sadəcə üç coğrafi anlayışdan deyil, türk kimliyi, İslam irsi və müasir dövlətçilik xəttinin vəhdətindən gedir.
Mən nəyi demək istəyirəm?
Prezidentin İslam amilindən kifayət qədər əhatəli danışması, bunu strateji birliyin üç əsas komponentlərindən biri kimi təqdim etməsi xüsusilə diqqət çəkir.
Bu baxımdan ölkə daxilində İslama qarşı gedən neqativ proseslərin də təsadüfi olub-olmaması ayrıca araşdırılmalı məsələdir. Əgər İslam amili strateji amil kimi təqdim edilirsə, bu gün daxildə İslamı təhlükə kimi təqdim edən, onu hədəf alan, ləkələməyə çalışan proseslər dərindən araşdırılmalı və tərəddüdsüz beşiyindəcə boğulmalıdır. Çünki Azərbaycanın dövlət atributunda mövqelənən, xalqın milli təfəkkür və milli şüurunun yetişməsində əsas rol oynayan, mədəniyyətimizin, elmimizin mühüm sütununa çevrilən İslama qarşı hücumlar dövlət suverenliyinə, milli pasportumuza qarşı təhdiddir.
Prezidentin tarixi şəxsiyyətlərlə bağlı fikirlərindən ciddi nəticə çıxarılmasının tərəfdarıyam.
Dövlət büdcəsindən pul alan deputatın tariximizin ən böyük şəxsiyyətlərini, konkret desək, Şah İsmayılı düşmən obrazında təqdim etməsi, bu istiqamətdə sistemli layihə icra etməsi, yad ünsür kimi ölkəyə daxil olan radikal dini təriqət nümayəndələrinin açıq ekranlardan Şah ismayıl Xətayini təhqir etməsi sıradan məsələ deyil. Mən tarixi şəxsiyyətlərə qarşı bu cür hücumları da təsadüf hesab etmirəm.
Prezidentin din nümayəndələri ilə görüşündə Nizami Gəncəvinin, Xəqani Şirvaninin, İmaməddin Nəsiminin, Yəhya Bakuvinin, Məhəməd Füzulinin, Şah İsmayıl Xətayinin adlarını dahi şəxsiyyətlər içərisində çəkməsini də təsadüf hesab etmirəm. Prezidentin bu şəxsiyyətləri eyni tarixi-mənəvi xətt üzərində xatırlatması diqqətdən kənarda qala bilməz.
Fikir müxtəlifliyi, ictimai müzakirələr həmişə ola bilər, amma tarixə, genetik kodlara, mənəvi dəyərlərə qarşı total, sistemli, radikal hücumlar heç bir halda fikir müxtəlifliyi və azad söz kimi qiymətləndirilə bilməz.
Qarşımızda çox ciddi seçim dayanır: ya iqtisadi maraqlar naminə mənəvi dəyərlərimizi qurban verəcəyik, ya da mənəvi dayaqlarımızı qoruyaraq güclü iqtisadi dövlət quracağıq.
Müəllif: Samir Feyruzov