Bəhreyn qəzetində Azərbaycan səfirinin Vətən müharibəsi ilə bağlı məqaləsi dərc olunub

“The Daily Tribune – News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin 44 günlük müharibə və Anım Günü haqqında məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin Anım Gününün təsis edildiyi diqqətə çatdırılıb.

Diplomat Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalının müharibə cinayətləri, dağıntılarla nəticələndiyini diqqətə çatdırıb. O vurğulayıb ki, işğalçı dövlət bu müddətdə ərazilərin dərhal və qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının 3 qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA, Avropa Parlamentinin qərarlarına və digər sənədlərə məhəl qoymayıb. Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük müharibədə torpaqları düşməndən azad edib. İgid əsgərlərimiz qısa müddətdə 300-dən çox şəhər, qəsəbə və kəndi düşmən tapdağından xilas ediblər.

Ş.Abdullayev qeyd edib ki, Prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, 30 illə yaxın davam edən işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu torpaqlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradıldığını bəyan edib. O, həmçinin beynəlxalq ictimaiyyətə müraciətində həmin ərazilərlə bağlı siyasi cəhətdən yanlış ifadələrdən istifadə olunmamasına çağırıb.

Məqalədə diqqətə çatdırılıb ki, Ermənistanın işğal etdiyi ərazilərdə olan 65 məsciddən yalnız ikisi tamamilə dağıdılmayıb və ermənilər bu müqəddəs ocaqlarda donuz saxlayıblar. Onların bu əməlləri bütün müsəlmanlara qarşı törədilən barbarlıqdır. İşğaldan azad edilmiş ərazilərə səfər edən xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və jurnalistlər bu vəhşiliklərin əyani şahidi olublar.