27 sentyabr 2021-ci il tarixində Azərbaycanın Qətərdəki Səfirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 sentyabr 2021-ci il tarixində Azərbaycanın Qətərdəki Səfirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə qardaş Türkiyə və Pakistanın Qətərdəki səfirləri və digər rəsmi qonaqlar, həmçinin Qətərdəki Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Türkiyə Respublikasının Qətərdəki səfiri dok. Mehmet Mustafa Göksu və Pakistan İslam Respublikasının Qətərdəki səfiri Əhsən Raza Şah Vətən müharibəsi ilə bağlı fikirlərini bölüşüblər. Səfir R.İsmayılov bildirib ki, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. O, qeyd edib ki, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərərək, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdi. 44 günlük müharibə dövründə Türkiyə və Pakistanın göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi vurğulayan səfir, ölkələrimiz arasındakı sarsılmaz dostluq və qardaşlığın qürurverici olduğunu ifadə edib.
Daha sonra Türkiyə və Pakistan səfirləri çıxış edərək, ordumuzun şücaəti və rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsinin xalqımızın tarixi zəfəri olduğunu vurğulayıblar.
Tədbirin sonunda Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində yadda qalan hadisələr əsasında hazırlanmış qısa video nümayiş etdirilib.