Narkomaniyadan uzaq cəmiyyət sağlam gələcəyin rəhnidir”-FOTOLAR

14 oktyabr 2026-cı il tarixində Mingəçevir Bələdiyyəsi tərəfindən “Narkomaniyadan uzaq cəmiyyət sağlam gələcəyin rəhnidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Kanal32.az-a verilən məlumata görə,tədbir çərçivəsində ilk olaraq Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış, narkomaniyaya qarşı mübarizə mövzusunu əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və mövzuya uyğun videoçarx nümayiş olunub.


Tədbirin açılış nitqi ilə çıxış edən Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov narkomaniyanın cəmiyyətin sağlamlığı və gələcəyi üçün yaratdığı təhlükələrdən, xüsusilə gənclərin bu zərərli vərdişdən qorunmasının vacibliyindən danışıb. O, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin, sağlam həyat tərzinin təbliğinin və dövlət qurumları ilə ictimaiyyət arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, sağlam və təhlükəsiz cəmiyyətin formalaşması hər kəsin üzərinə məsuliyyət qoyur və bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsi vacibdir.


Tədbirdə Mingəçevir şəhər Ruhi-Əsəb Dispanserinin baş həkimi Şəmsinur Hüseynova “Psixi sağlamlıq və zərərli vərdişlərin insanın daxili dünyasına təsirləri”, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktor müavini Fuad Məmmədov “Narkomaniyanın insan sağlamlığına və cəmiyyətə təsiri”, bələdiyyə üzvü Gültəkin Nəzərova isə “Narkomaniyaya qarşı mübarizədə bələdiyyələrin və cəmiyyətin birgə fəaliyyəti” mövzularında çıxış ediblər.


Çıxışlarda narkomaniyanın insan sağlamlığına və psixoloji vəziyyətinə vurduğu zərərlər, cəmiyyət üçün yaratdığı təhlükələr, zərərli vərdişlərin qarşısının alınmasında maarifləndirmənin rolu və gənclərin sağlam həyat tərzinə təşviq edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Həmçinin Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin sədri Fərman Nəbiyev mövzu ilə bağlı fikirlərini səsləndirib.


Tədbirdə şəhərin təhsil müəssisələrinin müəllim və tələbələri, müxtəlif müəssisə və təşkilatların nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.