Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakim, dələduzluqda ittiham edilən Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
KANAL32.az xəbər verir ki, iclas hakim İlham Mahmudovun sədrliyi ilə keçirilib. Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, Lətif Nəbiyev CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunur. Keçmiş hakim iki nəfərə qarşı 300 min dollardan çox dələduzluq edib.
Zərərçəkmişlərdən biri Rüstəm Abdullayev saytımıza bildirib ki, şərikli iş görmək adı ilə Lətif Nəbiyevə 59 700 dollar verib. Lətif ona Ucar və Kürdəmirdə qaz, İsmayıllıda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı iş gördüyünü və yaxşı qazanc olduğunu deyib. Sərmayə yatırdığı halda onun xeyir götürəcəyi vədini verib. Lakin vəd olunan qazanc Rüstəm Abdullayevə ödənilməyib.
L.Nəbiyev digər zərərçəkmiş Azad İbrahimovdan 247 400 dollar alıb. Bu vəsaitlə ona torpaq sahəsi alacağını bildirib. A.İbrahimov qeyd edib ki, keçmiş hakim onu aldadıb və aldığı pulları geri qaytarmayıb.
Belə ki, L.Nəbiyev Bakının gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 120 sot torpaq sahəsi tapdığını, həmin torpağın dəyərinin əslində 500 min dollar olduğunu, lakin hakimlik nüfuzundan istifadə edərək torpağı 240 min dollara ala biləcəyini deyib. Azad buna görə Lətifə 234 min dollar verib. Daha sonra A. İbrahimov torpağın sənədini istəyəndə Lətif Nəbiyev ona iki fərqli adamın adına ümumlikdə 100 sot olmaqla Pirşağı bələdiyyəsindən verilmiş 10 illik icarə müqaviləsi verib. İbrahimov məsələdən şübhələndiyi üçün Pirşağı bələdiyyəsinə gedərək əlindəki sənədləri göstərib. Orada məlum olub ki, həmin sənəd sadəcə 10 illik icarə müqaviləsidir və icarə müddəti bitəndən sonra ərazi dövlətin balansına keçəcək.
Zərərçəkmiş əlavə edib ki, Lətif Nəbiyev Vəliyev Nizami Vəli oğlu və Vəliyev Vəli Fərrux oğlunun adından yalandan Baş Prokurorluğa məktub yazıb:
“Onları aldadıb yalandan sənədə qol çəkdiriblər. Hər iki şəxs bildirib ki, Baş Prokurorluğa yazılan məktubu onlar yazmayıb. Şahidlər istintaqda ifadə verib ki, biz o torpağı görməmişik, heç nədən məlumatımız yoxdur”.
Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.
/modern/