Demokratik inkişaf və korrupsiya-VİDEO

Demokratik inkişaf animasiyalarının son epizodunu korrupsiyaya həsr edəcəyik. Bu mövzuya toxunmadan demokratik inkişaf haqda danışmaq mümkün deyil. Çünki bu inkişafa təsir edən əsas məqamlardan biri cəmiyyətin və idarəetmənin korrupsiyaya olan münasibətidir.

 

Gəlin ilk öncə korrupsiyanın nə olduğunu yadımıza salaq. Əkinçinin bu mövzuda daha öncə hazırladığı animasiyasını videonun altındakı linkdən izləyə bilərsiniz.

Korrupsiya ilə mübarizə hər bir hökumətin üzərində duran əsas vəzifələrdəndir. Təəssüf ki, heç bir cəmiyyət korrupsiyadan sığortalanmayıb. Məhz buna görə də, ölkənin inkişafı hökumətin korrupsiya ilə nə qədər ciddi mübarizə apardığından asılıdır.

Araşdırmalar göstərir ki, demokratik prinsiplərin və təsisatların təşəkkül tapdığı ölkələrdə korrupsiya ilə mübarizəyə daha ciddi yanaşılır. Yəni ki, dövlətin idarəetməsində demokratik prinsiplər və dəyərlər çox rol oynadıqca, korrupsiyanın səviyyəsi də azalır.

Bəs demokratik cəmiyyətlərdə korrupsiyanın az olmasına təsir edən institutlar hansılardır?

İlk növbədə, müstəqil və peşəkar media. Media müstəqil olduqda, işini rahat görə bildikdə və təzyiqlərə məruz qalmadıqda korrupsiya hallarının ifşa edilməsi ehtimalı daha çox olur. Media şikayətləri toplayır, araşdırmalar aparır, qanun pozuntusunu müəyyən edəndə isə bunu ictimailəşdirir və müvafiq orqanlardan tədbir görülməsini tələb edir.

İkinci səbəb, qanunun aliliyidir. Demokratik ölkələrdə məhkəmə həm müstəqildir, həm də güclü səlahiyyətlərə malikdir. Qanun pozuntusu baş verdikdə məhkəmənin qərarına qıraqdan müdaxilə mümkün deyil və məhkəmənin verdiyi qərarın icrası da təmin edilir. Yəni ki, pozuntunu yüksək vəzifəli məmur etdiyi halda belə, məhkəmə qərar qəbulunda həmin məmura heç bir xüsusi imtiyaz verə bilməz və pozuntunu görməzdən gələ bilməz.

Növbəti vacib məqam, demorkatiyanın əsas komponenti olan seçkilərdir. Korrupsiya hallarında hakimiyyət nümayəndələri iştirak edirlərsə, yaxud da, onların nəzarət etdiyi dövlət təsisatlarının səhlənkarlığı nəticəsində korrupsiya halları cəzalandırılmırsa, o zaman, vətəndaşların seçkilər vasitəsilə başqa siyasi qüvvəni hakimiyyətə gətirmək imkanı var. Məhz buna görə, demokratik sistemlərdə hakimiyyətlər daha şəffaf, hesabatlı olur, korrupsiya hallarına qarşı sərt mövqe nümayiş etdirirlər.

Digər məqam siyasi iştirakçılıq və bütövlükdə ictimai fəallıqdır. Demokratik cəmiyyətlərdə insanların bir araya gəlməsi, təşəbbüslər irəli sürməsi, hökumət qarşısında tələblər qoyması, hökuməti sorğulaması daha asandır. Bu fəallıq hökuməti daha hesabatlı edir.

Bir sözlə, siyasi və ictimai müzakirələr zamanı kimsə “korrupsiya hər yerdə var” dedikdə, təbii ki, haqlıdır. Ölkələri fərqləndirən korrupsiyanın mövcud olub-olmaması deyil, korrupsiyaya qarşı necə mübarizə aparılmasıdır.

/akinchi.org/