2026-cı ilin 30 iyul tarixində Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbiri keçirilib.
Universitetin əsas tədris binasında təşkil olunan tədbir məzunların tələbəlik həyatından peşəkar gələcəyə keçidini simvolizə edən unudulmaz anlarla yadda qalıb.
KANAL32.az-a verilən məlumata görə,tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, şəhid ailələrinin üzvləri, veteranlar, Mingəçevir şəhərinin hüquq-mühafizə orqanlarının nümayəndələri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun rəhbərliyi, ümumtəhsil məktəblərinin direktorları, media nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbə və magistrantlar, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin əsas tədris binası qarşısında ucaldılmış büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
“Məzun Günü” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məzunları, onların valideynlərini və universitet kollektivini təbrik edib. Şəhər rəhbəri bildirib ki, Mingəçevir Dövlət Universiteti son illərdə yalnız regionun ali təhsil müəssisəsi kimi deyil, həm də şəhərin sosial-iqtisadi, mədəni və intellektual inkişafına töhfə verən mühüm tərəfdaş kimi formalaşıb. O qeyd edib ki, universitetin hazırladığı gənc mütəxəssislər Mingəçevirin və bütövlükdə ölkəmizin insan kapitalının gücləndirilməsində, müasir bilik və bacarıqlara əsaslanan cəmiyyətin qurulmasında mühüm rol oynayırlar.

İlham İsmayılov çıxışında vurğulayıb ki, bu gün məzun olan gənclər təkcə diplom almırlar, həm də üzərlərinə böyük məsuliyyət götürürlər. Onlar peşəkar fəaliyyətlərində biliklərini, vətəndaş mövqelərini, milli-mənəvi dəyərlərə bağlılıqlarını və sosial məsuliyyət hissini daim qoruyaraq ölkənin inkişafına layiqli töhfələr verməlidirlər. Şəhər rəhbəri Mingəçevir Dövlət Universitetinin şəhər həyatına inteqrasiyasını, təhsil, gənclər, idman, mədəniyyət, ekologiya və sosial təşəbbüslər istiqamətində fəal iştirakını yüksək qiymətləndirib və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib. Rektor bildirib ki, “Məzun Günü” universitet həyatında yalnız yekun mərhələ deyil, həm də yeni başlanğıcın, yeni məsuliyyətin və yeni ümidlərin bayramıdır. O qeyd edib ki, MDU-nun əsas hədəfi bilikli, çevik düşüncəli, innovativ yanaşmaya malik, əmək bazarının tələblərinə uyğun, eyni zamanda cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyətli gənclər yetişdirməkdir.
Anar Eminov vurğulayıb ki, müasir universitetlər artıq yalnız auditoriyalarda bilik ötürən müəssisələr deyil, həm də dayanıqlı inkişaf ideyalarını təşviq edən, yaşıl düşüncəni formalaşdıran, rəqəmsal bacarıqları gücləndirən, sosial məsuliyyət və inklüzivlik dəyərlərini gündəlik fəaliyyətinə çevirən canlı ekosistemlərdir. Bu baxımdan Mingəçevir Dövlət Universiteti tələbələrinə təkcə ixtisas bilikləri qazandırmır, onları həm də əməkdaşlıq, liderlik, ekoloji məsuliyyət, innovasiya və cəmiyyətə faydalı olmaq kimi vacib dəyərlərlə formalaşdırır.

Rektor qeyd edib ki, 2025/2026-cı tədris ili üzrə universitetin növbəti məzunlarını yola salması MDU-nun regionun kadr potensialının inkişafında artan rolunun daha bir göstəricisidir. O bildirib ki, universitetin mühəndislik, iqtisadiyyat və idarəetmə, pedaqoji istiqamətlər üzrə hazırladığı məzunlar gələcəkdə müxtəlif sahələrdə çalışaraq ölkənin davamlı inkişafına, regionların güclənməsinə, bilik əsaslı iqtisadiyyatın formalaşmasına və insan kapitalının zənginləşməsinə töhfə verəcəklər.
Anar Eminov çıxışında məzunlara müraciət edərək onların MDU ailəsinin hər zaman dəyərli üzvləri olaraq qalacaqlarını bildirib. Rektor gənclərə peşə yollarında prinsipial, məsuliyyətli, yeniliklərə açıq və vətənpərvər olmağı tövsiyə edib, universitetin qapılarının məzunlar üçün hər zaman açıq olduğunu diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək məzunları təbrik edib, gənclərin ölkənin gələcək inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, müasir dövrdə ali təhsil yalnız peşə hazırlığı deyil, həm də şəxsiyyətin, vətəndaş mövqeyinin və dünyagörüşünün formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Deputat MDU-nun son illərdə dinamik inkişaf yolu keçdiyini, regionda təhsilin əlçatanlığının artırılması və yüksək ixtisaslı kadr hazırlığı istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. O bildirib ki, gənclərin təhsilli, fəal, sosial məsuliyyətli və təşəbbüskar yetişməsi cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Günay Əkbərova MDU-da tələbəyönümlü mühitin gücləndirilməsi, gənclərin ictimai fəallığının dəstəklənməsi və onların fərdi potensialının üzə çıxarılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Son olaraq, Türkiyənin Gümüşhane Universitetinin rektoru Prof. Dr. Oktay Yıldızın Mingəçevir Dövlət Universitetinin məzunlarına ünvanladığıt təbrik videosu nümayiş etdirilib.

Rəsmi çıxışlardan sonra tədbir məzunların təltif edilməsi mərasimi ilə davam edib. Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə görə bakalavriat və magistratura təhsil səviyyələri üzrə universitet və fakültə birinciləri mükafatlandırılıblar.
MDU-nun Mühəndislik fakültəsinin tələbəsi İbrahim Məmmədov 95.24 balla, Pedaqoji fakültənin tələbəsi Xəyal Şərifli 98.85 balla fakültə birincisi, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Səbinə Rəhimova 99.07 balla bakalavriat təhsil səviyyəsi üzrə universitet və fakültə birincisi, magistratura təhsil səviyyəsi üzrə məzun olan Alsu Məmmədova isə 99.22 balla universitet birincisi olaraq təltif olunublar.
Tədbirdə həmçinin universitet həyatında fəallığı, ictimai təşəbbüskarlığı, tələbə təşkilatlarında iştirakı və universitetin müxtəlif tədbirlərində göstərdikləri aktivliyə görə 13 tələbə və magistrant mükafatlandırılıb. Bununla yanaşı, universitetin veteran və şəhid ailəsi üzvü olan məzunlarına xüsusi diqqət göstərilərək onlar da təltif ediliblər. Bu məqam tədbirə həm qürur, həm də dərin mənəvi məsuliyyət ovqatı bəxş edib.
Təltif mərasimindən sonra “Məzun Günü” bədii hissə ilə davam edib. Bədii proqramda Habil Məmmədov və tələbələri, musiqiçi Hikmət Poladzadə (Qara Dərviş) və Mərdan Kazımov bir-birindən maraqlı ifaları ilə çıxış ediblər. Səsləndirilən musiqilər, məzunların sevinci, valideynlərin qüruru və universitet kollektivinin həyəcanı tədbirə xüsusi bayram ab-havası qatıb.
Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə Mingəçevir Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə 955 nəfər, magistratura təhsil səviyyəsi üzrə 137 nəfər olmaqla, ümumilikdə 1092 nəfər məzun olur.











