24 iyun 2026-cı il tarixində keçirilmiş tarix müəllimlərinin sertifikasiya imtahanının nəticələri ilə bağlı narazılıqlar davam edir. İmtahanda iştirak edərək uğur qazanan bir qrup tarix müəllimi qiymətləndirmə prosesində ciddi metodik və hüquqi pozuntuların baş verdiyini iddia edərək, bu məsələnin araşdırılması üçün Prezident İlham Əliyevə kollektiv müraciət ünvanlayıb.
Müəllimlər müraciətlərində metodika bloku üzrə rəsmi istinad ədəbiyyatının əvvəlcədən açıqlanmadığını, qiymətləndirmə meyarlarının qeyri-müəyyən olduğunu və mübahisəli hesab etdikləri sualların müstəqil ekspertiza tərəfindən araşdırılmasını xahiş ediblər.
KANAL32.az müəllimlərin Prezidentə müraciətini təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Surəti: Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya
Surəti : Azərbaycan Respublikası Milli Məclisinə
Surəti : Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə
Surəti: Azərbaycan Respublikasının Təhsil İnstitutuna
24 iyun 2026-cı il tarixində Tarix fənni üzrə sertifikasiya imtahanı vermiş bir qrup müəllim tərəfindən
(Əlaqələndirici şəxs: Samir Bəşirli Bakı ş.Bəsti Bağırova 14 , m-11, Tel: 070 746 50 03)
K O L L E K T İ V M Ü R A C İ Ə T
“Hörmətli cənab Prezident!
Sizə bu müraciəti ölkəmizin müxtəlif ümumtəhsil məktəblərində çalışan bir qrup tarix müəllimi adından, pozulmuş hüquqlarımızın bərpası üçün son ümid yeri olaraq yazırıq. Müvafiq olaraq Elm və Təhsil Nazirliyinə, həmçinin Təhsil İnstitutuna ünvanladığımız ərizələrin surətlərini də bu müraciətə əlavə edirik.
Bizim kollektiv şikayətimiz 24 iyun 2026-cı il tarixində keçirilmiş təhsilverənlərin sertifikasiyası imtahanında yol verilən ciddi hüquqi, metodik və şəffaflıq pozuntuları ilə bağlıdır.
Belə ki, nazirlik tərəfindən 2026-cı il üçün elan edilmiş “Qiymətləndirmə Çərçivəsi” sənədində ixtisas üzrə imtahana düşəcək mövzuların ədəbiyyat siyahısı dəqiq göstərilsə də, metodika (kurikulum) bloku üzrə heç bir istinad ədəbiyyatı qeyd edilməmiş, yalnız mövzu başlıqları verilmişdir. Həmçinin, imtahan ərəfəsində ixtisasa aid dərslərlə bağlı rəsmi kanallarda çoxsaylı izahedici videolar təşkil olunduğu halda, metodika üzrə cəmi 1-2 vebinar keçirilmiş, həmin təlimlərdə də imtahana salınmış real mövzulara toxunulmamışdır.
Biz – bu müraciətə imza atan müəllimlər, dövlət orqanının əvvəlki inzibati praktikasına, Nazirlik tərəfindən vaxtilə bizə keçirilən rəsmi təlimlərə, ali məktəbdə öyrəndiklərimizə və çoxillik pedaqoji təcrübəmizə əsaslanaraq bu imtahana hazırlaşmışıq. Aramızda hər zaman MİQ və Diaqnostik Qiymətləndirmə imtahanlarında yüksək bal toplamış, pedaqoji fəaliyyətində irad tutulmamış onlarca təcrübəli müəllim var. Lakin imtahanda qarşılaşdığımız manzərə bütün qrupumuzu şoka salmışdır: ixtisas suallarını demək olar ki, tam doğru yazan uzunillik təcrübəyə malik müəllimlər, metodika blokundan kütləvi şəkildə anormal dərəcədə aşağı ballar almışlar.
Test sualları imtahandan sonra bizə verilmədiyi üçün hansı sualın nəyə əsasən “yanlış” sayıldığını yoxlamaq hüququmuz əlimizdən alınmışdır.
Hörmətli cənab Prezident!
Burada ortaya çox ciddi bir statistik və məntiqi paradoks çıxır:
Müraciətə imza atan müəllimlər arasında 10, 15, hətta 20 illik pedaqoji staja malik olan, əvvəlki illərin rəsmi Diaqnostik Qiymətləndirmə və MİQ imtahanlarında metodika bloku üzrə 85–90% nəticə göstərmiş mütəxəssislər var. Sual olunur: illərlə məktəbdə tədris metodikasını uğurla tətbiq edən, dövlətin rəsmi təlimlərindən keçən bu qədər müəllim necə ola bilər ki, bir günün içində metodikanı “unudaraq” 10 sualdan cəmi 2-3 doğru cavab yazsın?
Bu paradoks 24.06.2026-cı il tarixli imtahanda yol verilmiş aşağıdakı pozuntuları təkzibedilməz şəkildə sübut edir:
Metodika blokuna salınan suallar konkret elmi nəzəriyyələrə deyil, xaricdən kor-koranə tərcümə edilmiş, sual müəllifinin şəxsi və subyektiv mülahizəsinə əsaslanan “dumanlı situasiyalardan” ibarət olmuşdur.
Sual tərtibçilərinin doğru cavab kimi götürdüyü fəlsəfi yanaşma dövlətin bizə öyrətdiyi rəsmi proqramların heç birində yer almır.
Nazirlik tərəfindən müəllim ictimaiyyətinə metodika üzrə istinad edə biləcəyimiz hər hansı rəsmi, vahid Azərbaycan dərslik siyahısı təqdim edilməmişdir.
Digər fənlərin (və ya digər günlərin) imtahan sualları ilə bizim imtahanın ağırlıq dərəcəsi arasında kəskin fərq vardır ki, bu da namizədlər arasında hüquq bərabərliyi prinsipinin pozulmasıdır.
İmtahanda metodikadan yüksək bal toplayanların mütləq əksəriyyətinin ölkədə fəaliyyət göstərən konkret bir neçə kommersiya yönümlü özəl kursun müdavimləri və ya bu özəl şəxslərin çıxartdıqları kitabları oxuyan şəxslər olması haqlı şübhələr doğurur. Xatırladırıq ki, 2022-ci ildə imtahan suallarının məhz bu tip özəl kurslara sızdırılması faktı rəsmən təsdiqini tapmış və cinayət işi açılmışdı.Bu şübhələrin də araşdırılmasını sizdən təmənna edirik. Biz dövlət müəllimləri olaraq hər hansı biznes qruplarına deyil, Təhsil İnstitutunun rəsmi xəttinə etimad etdiyimiz üçün qəsdən zərərçəkən duruma salınmışıq.
Hüquqi dövlət prinsipi tələb edir ki, vətəndaş dövlət imtahanına girəndə “oyunun qaydalarını və qiymətləndirmə meyarını əvvəlcədən bilməlidir. Meyar təyin olunmadan imtahan keçirmək və minlərlə müəllimin taleyini hansısa sual tərtibçisinin fərdi zövqünə bağlamaq Təhsil İnstitutu haqqında cəmiyyətdə ciddi narazılıq yaradır. Ötən il digər fənlərdə yaşanmış analoji problemlərin bu il tarix fənnində daha kəskin təkrarı, bu prosesin arxasında dayanması ehtimal olunan kommersiya maraqlarının ciddi araşdırılmasını zəruri edir.
Hörmətli cənab Prezident!
Sizin müəllim əməyinə verdiyiniz yüksək dəyərə və dövlətimizin ədalətinə sığınaraq, kollektiv şəkildə Sizdən xahiş edirik:
Məsələnin şəxsi nəzarətinizə götürülməsinə;
24 iyun 2026-cı il tarixində keçirilmiş Tarix fənni üzrə sertifikasiya imtahanının metodika suallarının müstəqil, bitərəf ekspertizaya göndərilməsinə;
Əvvəlcədən rəsmi ədəbiyyatı və dəqiq meyarı təqdim olunmamış bütün mübahisəli metodika suallarının imtahan vermiş müəllimlərin xeyrinə hesablanması barədə Elm və Təhsil Nazirliyinə göstəriş verilməsinə köməklik göstərəsiniz” – deyə müraciətdə bildirilib.