02 noyabr 2026-cı il tarixdə Mingəçevir şəhəri N.Ahəngari adına 13 nömrəli tam orta ümumtəhsil məktəbində “Tədrisdə motivasiya və öyrənməyə marağın artırılması” mövzusuna həsr olunmuş “Valideyn konfransı” keçirilib.
KANAL32.az-a verilən məlumata görə,tədbirdə Mingəçevir şəhər Təhsil sektorunun müdiri Rüstəm Aslanov, Dövlət Universitetinin Tədrisin təşkili və planlaşdırılması şöbəsinin müdiri Şahin Maşayev, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,pedaqoq İnqilab Şirinli, şəhərin ümumi təhsil müəssisələrinin rəhbərləri, pedaqoji heyət, valideynlər və digər qonaqlar iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Çıxış edənlər tədbirin mövzusunun müasir təhsilin ən aktual məsələlərindən biri olduğunu vurğulayıblar.Eyni zamanda motivasiyanın şagirdlərin öz potensialını üzə çıxarmasında mühüm rol oynadığını, valideyn dəstəyi, diqqəti və verilən dəyərin təhsilin keyfiyyətinə birbaşa təsir göstərdiyini qeyd ediblər.

Həmçinin, məruzəçilər valideynlərin maarifləndirilməsinin təhsil mühitinin inkişafına töhfə verdiyini, valideyn–məktəb əməkdaşlığının uşaqların özünəinamına və davranışlarına müsbət təsir göstərdiyini, həmçinin sosial şəbəkə və rəqəmsal resurslardan düzgün və səmərəli istifadənin əhəmiyyətini diqqətə çatdırıblar.

Daha sonra konfrans panel müzakirələrlə davam etdirilib, valideynlərin sual və təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək kii,“Valideyn konfrans”larının məqsədi valideynləri övladlarının təhsil göstəriciləri, davranışları və inkişaf xüsusiyyətləri barədə məlumatlandırmaq, təhsil müəssisələrində sosial, psixoloji və emosional mühitin yaxşılaşdırılmasına dəstək vermək, valideynlərin övladlarının akademik, sosial və emosional inkişafındakı rolunu gücləndirməkdən ibarətdir.




KANAL32.az