“II. Salam” komediya tamaşaları Beynəlxalq Teatr Festivalı keçirilib-FOTO

1-4 may tarixlərində Qazaxıstanın Kokşetau şəhərində keçirilməsi planlaşdırılan “II. Salam” komediya tamaşaları Beynəlxalq Teatr Festivalının 1 may tarixində açılış tədbiri keçirilib.

“Kanal32”yə bu barədə məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtogrul Burcəliyev verib. Onun sözlərinə görə, “Tədbirin rəsmi hissəsindən sonra festivalın ilk tamaşası, Astana müzikal teatrının ifasında Rey Kuninin “Nömrə 13” komediyası nümayiş olunub. Adıçəkilən festivalda tamaşaları beş nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinin tərkibində Qazaxstan Temirbek Jurqanov adına İncəsənət Akademiyasının professoru, sənətşünaslıq doktoru, teatrşünas Nurpeyis Bakıt Kəki qızı, həmin akademiyanın “Teatr sənəti və teoriyası” kafedrasının müdiri, professor Meryert Jaksılıkova, Qazaxıstanın əməkdar artisti, professor Rahiləm Maşurova, Avrasiya Teatrlar birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov və “TÜRKSOY”un nümayəndəsi Elçin Qafarlı təmsil olunublar”.

Daha sonra Anar Ərtoğrul Burcəliyev bildirib ki, “Festivala dəvət almış teatrlar arasında Azərbaycan Dövlət Pantomim teatrı “Son ştrix”, İstanbul Devlet tiyatrosu isə “Professional” tamaşası ilə qatılıblar. 4 gün davam edən festivalda 9 tamaşa nümayiş olunub. 4 may tarixində isə festivalın bağlanış tədbiri keçirilib.

Tədbirdə münsiflər heyəti tərəfindən çıxış edən teatr kolletivlərinə nominasiyalar təqdim olunub. Azərbaycan Pantomim teatrı “Ən yaxşı Pantomim tamaşası” və 600.000 tenqe, İstanbul Devlet tiyatrosu “Ən yaxşı aktyor dueti” və 500.000 tenqe nominasiyaları ilə təltif olunublar.

Festivalın Qram prisini və 1 milyon tenqeni Astana müzikal teatrı qazana bilib” – deyərək o, qeyd edib.