Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib.
Bakı Dövlət Universitetinin doktorantı, hüquqşünas və bioetika üzrə tədqiqatçı Sevda Kərimova Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, həkim Yeganə Abbasova ilə birgə hazırladıqları elmi araşdırmanı Portuqaliyada keçirilən 18-ci Dünya Bioetika, Tibb Etikası və Tibb Hüququ Konqresində təqdim edib.
KANAL32.az-a verilən məlumata görə,sentyabrın 28–30-da Portuqaliyanın Porto şəhərində keçirilən Qlobal Sammitdə dünyanın müxtəlif ölkələrindən bioetika, tibb etikası və səhiyyə hüququ sahəsində çalışan alim və mütəxəssislər bir araya gəlib. Tədbir Beynəlxalq Bioetika Kafedrası tərəfindən təşkil olunub və Dünya Tibb Assosiasiyasının dəstəyi ilə keçirilib.
Konqresin “Tibb etikası və Tibb hüququ” sessiyasında Sevda Kərimova və Yeganə Abbasovanın birgə hazırladığı “Azərbaycan cinayət qanunvericiliyində orqan transplantasiyası: Bioetik problemlər və hüquqi islahat perspektivləri” adlı tədqiqat təqdim olunub.
Tədqiqatda Azərbaycanda orqan donorluğu və transplantasiyasının hüquqi tənzimlənməsi cinayət hüququ və bioetika kontekstində təhlil olunub, mövcud qanunvericilik, hüquqi təminatlar və transplantasiya praktikasının inkişaf istiqamətləri nəzərdən keçirilib.
Məruzədə Azərbaycanın son illərdə orqan donorluğu və transplantasiyası sahəsində əldə etdiyi mühüm nəticələrə xüsusi diqqət yetirilib. Bildirilib ki, ölkədə bu sahənin institusional inkişafında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılması mühüm mərhələ olub.
Araşdırmada Mərkəzin fəaliyyətə başlamasından ötən qısa müddət ərzində ölkədə transplantasiya sisteminin inkişafı istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Xüsusilə 2025-ci ildə Azərbaycanda ilk dəfə meyit donordan orqan transplantasiyasının həyata keçirilməsi ölkənin transplantasiya sisteminin inkişafında mühüm mərhələ kimi qeyd olunub. Səhiyyə Nazirliyinin məlumatına əsasən, həmin il Qafqaz regionunda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilib.
Məruzənin mühüm hissələrindən biri isə Azərbaycanın İnsan orqanlarının qanunsuz dövriyyəsinə qarşı Avropa Şurası Konvensiyasına qoşulması ilə bağlı olub. Azərbaycan sözügedən Konvensiyanı 26 may 2026-cı ildə ratifikasiya edib və Konvensiya ölkə üçün 1 sentyabr 2026-cı ildə qüvvəyə minib. Sənəd insan orqanlarının qanunsuz dövriyyəsi ilə mübarizə, bu sahədə cinayət-hüquqi mexanizmlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm hüquqi çərçivə yaradır.
Sevda Kərimovanın təqdimatında sözügedən beynəlxalq hüquqi sənədin Azərbaycan qanunvericiliyinin gələcək inkişafı baxımından yaratdığı imkanlar, mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsi perspektivləri və transplantasiya sahəsində bioetik prinsiplərin daha effektiv təmin olunması məsələləri də müzakirə edilib.
Tədqiqatçı həm qanunvericilik səviyyəsində, həm də transplantasiya praktikasında tətbiq oluna biləcək bir sıra hüquqi və institusional təşəbbüslər irəli sürüb. Bu təkliflər insan ləyaqətinin, donor və resipiyentin hüquqlarının qorunması, məlumatlandırılmış razılıq, orqan donorluğunun etik və hüquqi əsaslarının möhkəmləndirilməsi, transplantasiya prosesində şəffaflığın təmin edilməsi və beynəlxalq standartların milli hüquq sisteminə daha səmərəli inteqrasiyası məsələlərini əhatə edib.
Azərbaycanın orqan transplantasiyası sahəsindəki hüquqi və praktiki təcrübəsinin beynəlxalq bioetika və tibb hüququ platformasında təqdim edilməsi ölkənin bu sahədə həyata keçirdiyi son institusional və qanunvericilik dəyişikliklərinin beynəlxalq elmi müzakirəyə çıxarılması baxımından diqqət çəkib.