Mingəçevir polisi narkomaniya əleyhinə hansı tədbirləri görür?-FOTOLAR

Mingəçevir polisi narkomaniya əleyhinə maarifləndirici tədbir keçirib

Mingəçevir şəhər Polis Şöbəsi 1 saylı tam orta məktəbdə narkotik və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirləri çərçivəsində “Gələcəyimizi birlikdə düşünək, Narkomaniyaya yox deyək” adlı tədbir keçirib.

Tədbir bəşəriyyət üçün getdikcə faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa səsləmək, yeniyetmələri bu sahədə maarifləndirmək məqsədilə keçirilib. Əvvəlcə məktəbin direktoru Əliyar Yusifov məktəb haqqında və görüşün mahiyyəti barədə məlumat verib. Polis əməkdaşlarına bu kimi tədbirlərin məktəblərdə keçirilməsinə görə minnətdarlıq bildirib.

Çıxış edən ŞPŞ rəisi, polis polkovniki Ədalət Əliyev bildirib ki, məqsəd bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə şagirdləri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da artırmaqdır. Rəis gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə iştirakçılara polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib. O, həmçinin qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün birgə mübarizə aparmalı, maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

Rəis narkomaniyaya qarşı mübarizənin daha faydalı olması üçün gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında valideynlərin, müəllimlərin, eləcə də məktəb psixoloqlarının yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.

Tədbirdə polis əməkdaşları “Narkomaniya”, “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”, “Ümumi cinayət məcəllələri ilə bağlı” mövzularda çıxış ediblər.

   

Tədbirdə təhsil sektorunun müdiri Sevinc Həsənova çıxışında gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün orta məktəblərdə daim bu mövzularda tədbirlər həyata keçirdiklərini bildirib.Gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadlarından danışıb və bununla bağlı yeniyetmə şagirdlər arasında maarifləndirmə işlərinin aparıldığını qeyd edib.

Sonda şagirdlərə Polis Akademiyasında kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.

Esmira Hidayətova,

Mingəçevir