Kremlin Rəsulzadəyə dil uzatması:İşğalçı rejimin əsl üzü…

Milli istiqlalımızın, Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin tariximizdəki misilsiz rolunu və xalqımızın qəlbindəki yerini qısqananlar təkcə öz içimizdəki zatı, məzhəbi bəlli olmayanlar deyil…

Məlum olduğu kimi, yanvarın 31-də Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür. Prezident İlham Əliyev ötən il dekabrın 30-da M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi barədə sərəncam imzalayıb. Ancaq bu sərəncam həm ermənilərin, həm də onların tarixi havadarı və “zəhər verəni” olan Rusiyanın xoşuna gəlməyib. Rusiya Xarici İşlər Nazirliyinin hər zaman “yarı-əyyaş” görkəmi ilə seçilən sözçüsü Mariya Zaxarovanın keçirdiyi son brifinqdə erməni jurnalist ona Rəsulzadə ilə bağlı sual ünvanlayıb.

O, Zaxarovaya İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb və əlavə edib ki, guya Cümhuriyyətimizin qurucusu İkinci Dünya müharibəsi illərində Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasında “iştirak edib”.

Buna cavabında özünü Azərbaycanın “strateji tərəfdaşı” adlandıran Rusiyanın rəsmisi “Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”, – deyə cavab verib. Ancaq ardınca, ondan soruşan olmayıb ki, “hansı haqla”?! Rusiya hansı haqla müstəqil dövlətin öz tarixi şəxsiyyəti ilə bağlı bu və ya digər qərarını, fəaliyyətini təftiş edir, “qiymətləndirir”, onun kimliyinə dil uzadır?

Danılmaz tarixi faktlar göstərir ki, ötən əsrin ortalarına yaxın Avropada faşist Almaniyası ilə ən geniş əməkdaşlığa başlayan məhz Kreml olub. 1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda müstəqil dövlətlərin ərazilərinə soxulan təkcə Almaniya olmayıb. Kreml də Polşa torpaqlarına, Finlandiyaya müdaxilə edib. Hitler Almaniyası ilə pakt bağlayan da Moskva olub. Bu gün isə Cənubi Qafqazdan tutmuş Ukraynaya, Moldovaya qədər müstəqil ölkələrin ərazi bütövlüyünə qəsd edən də yenə Moskvadır.

Hazırda müstəqil Ukraynada qətlə yetirilən günahsız uşaqların, qadınıların, qocaların, dağıdılan evlərin, kəndlərin, şəhərlərin sayı-hesabı yoxdur. Rusiya əsgərlərinin Mariupolda, Buçada, İrpendə törətdiyi qətliamlarla faşist Almaniyasının törətdiyi cinayətlər arasında elə də böyük fərq tapmaq olmur. Bütün bunların fonunda böyük ölçüdə ukraynalıların, qafqazlıların, orta asiyalıların, bütün digər qeyri millətlərin hesabına İkinci Dünya müharibəsini udmuş Kremlin və müasir işğalçı Rusiyanın keçmiş SSRİ xalqlarının qələbəsinə sahib çıxması nə dərəcədə ədalətlidir?

Zaxarovanın xəbəri var, ya yox – bilmirik, amma ona sual verən erməninin “milli lideri” və nasist, faşist Almaniyasının tulası olmuş Qarigen Njdedən fərqli olaraq, M.Ə.Rəsulzadənin Hitlerlə, SS-lə əməkdaşlığı olmayıb. O, faşist ideologiyası yaymayıb, onun təbliğatında və heç bir hərbi cinayətdə iştirak etməyib. Onu yalnız Azərbaycanın Sovet İmperiyasından azad, müstəqil dövlət olması maraqlandırıb. Ona görə də Zaxarovanın öz çapındakı və “sortundakı” erməni jurnalistə verdiyi cavab Rusiyanın da Ermənistan qədər Azərbaycanın tarixi müstəqilliyini və milli ideyasını həzm edə bilməməsinin göstəricisidir.

Nəhayət, ermənilərin məhz bu gün M.Ə. Rəsulzadə mövzusunu ortaya atması təkcə onun 140 illik yubileyi və ölkə başçısının bununla bağlı sərəncamına görə deyil. Birincisi, Azərbaycan xalqının və dövlətinin hətta bu səviyyədə belə Rəsulzadə irsinə sahib çıxçması bunları çox qıcıqlandırır. Digər yandan isə hazırda Azərbaycan-Ermənistan danışıqlarında, sərhədlərin demarkasiyası və delimitasiyasında hansı illərin xəritəsinin əsas götürülməsi mövzusu olduqca aktualdır. Bu sarıdan 20-ci əsrin əvvəlindəki xəritələr də daxil olmaqla, Cümhuriyyət dövrünə aid olan hər şey müasir Ermənistanın, o cümlədən də Rusiyanın əleyhinə işləyir. Ona görə də bu cür çirkin üsullardan, iftiralardan istifadə edirlər.

Ancaq tarix onu da göstərir ki, hələ heç bir itin hürməsi karvanı yolundan döndərə bilməyib…

 

“AzPolitika.info”

Leave a comment