Azərbaycan demokratik və güclü dövlətdir. Ölkəmizdə vətəndaşların bütün hüquq və azadlıqları, vəzifələri qanunamüvafiq qaydada təmin edilir. Eyni zamanda məlumdur ki, bu gün Azərbaycan ərazi bütövlüyü tam şəkildə təmin edilmiş, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan qüdrətli dövlətdir. Məhz bu qüdrətli dövlət amili bəzi xarici dairələrin məkirli planlarını alt-üst etmişdir. Görünən odur ki, bizim ölkə daxilindəki milli, haqlı və beynəlxalq normalara uyğun olan maraqlarımız Avropa Şurası Parlament Assambleyasını və Avropa Parlamentini olduqca narahat edib və qərəzli qətnamənin qəbulu ilə nəticələnib. Təbii ki, Azərbaycanın qüdrəti artdıqca belə nüfuzunu itirmiş beynəlxalq təşkilatlar da “demokratik” prinsiplər adı altında öz məkirli mövqeyini nümayiş etdirir. Yəqin ki, bunların Qafqazla bağlı hiyləgər planları cənab Prezidentin Dəmir Yumruğu ilə məhv edildiyi üçün indi hər vəchlə bütün riyakarlıqlara əl atırlar.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, Real partiyasının sədri reallıqdan kənar şəkildə davranışlar sərgiləyir. Belə ki, İlqar Məmmədov AŞPA mənasız ittihamlarının olmasına rəğmən baş verən hadisələrlə bağlı Türkiyəli deputatları günahlandırması əslində düşmən dəyirmanına su tökməkdir. Görünən odur ki, sapı özümüzdən olan bəzi baltalar xarici dairələrin istifadəsindədir. Belə olduğu halda hansı milli mövqedən danışmaq olar anlamıram.
Real partiyasının sədri reallığı qəbul etməlidir ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün qardaşlıq əlaqələrində güclü və sarsılmaz mövqedə qərarlaşıb. Qardaş Türkiyə dövləti və xalqı Vətən müharibəsində də mənəvi və siyasi dəstəyini bir an belə əsirgəmədi. Bu isə qardaşlığımızın ən böyük bariz nümunəsidir. Yəqin İlqar Məmmədov qardaşlıq əlaqələrinin nə olduğunu yaxşı anlaya bilmir, çünki xaricdən maliyyələşən adamlar milli maraqlarını da sadəcə vəsaitlər hesabına qururlar, nə qardaşları var, nə də ki,dostları.
İlham Məmmədov,
Millət vəkili