“Rusiya Ermənistana 1500 təyyarə silah verdi…”-Sabiq nazir

Ermənistanın indiki hökumətinin Rusiya ilə münasibətlərindəki gərginlik, Fransadan silah alınması barədə razılaşmalar və s. Ermənistandakı rusiyayönümlü müxalifəti hərəkətə gətirib.

Erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın sabiq müdafiə naziri, hazırda isə parlamentin deputatı olan hərbi cinayətkar Seyran Ohanyan Paşinyan hakimiyyətini Rusiyanın erməni ordusu üçün etdiklərini unutmamağa çağırıb.

Parlamentdə mətbuat konfransı keçirən Ohanyan deyib ki, Ermənistan başqa dövlətlərdən silah ala bilər, amma bunu Rusiya ilə münasibətləri korlamaq hesabına həyata keçirmək olmaz.

Sabiq nazir xatırladıb ki, Ermənistan ordusu demək olar, bütünlüklə Rusiya silahı hesabına formalaşdırılıb və hərbi idarəetmə sistemi də məhz Rusiya silahları üzərindən yaradılıb. Ohanyan Rusiyanın Ermənistana külli miqdarda silah ötürdüyünü bildirib və özünün nazir olduğu illəri misal gətirib: “Təkcə nazir olduğum 2008-2016-cı illərdə Rusiyadan Ermənistana silah daşınan 1500 təyyarə reysi həyata keçirilib”.

Xatırladaq ki, Rusiyadan Ermənistana silah tədarükü 44 günlük müharibə dövründə daha da intensiv şəkildə davam etdirilib. Azərbaycanın Gəncə və Bərdə kimi dinc şəhərləri məhz Rusiyanın verdiyi raketlərlə vurulub, Mingəçevirdəki su anbarı Rusiya silahları ilə hədəf alınıb. Şuşaya atılan “İskəndər” raketinin qalıqları isə Bakıya gətirilərək, “Hərbi qənimətlər parkı”nda nümayiş etdirilib.

 

“AzPolitika.info”

Leave a comment