İsveçrə də cənnətdi, amma Kəlbəcərin yanında yox-DEPUTAT

Müsahibələrimin birində (əslində birində yox, dəfələrlə müsahibələrimdə) demişəm ki, Kəlbəcər cənnətdi və yer üzündə də tayı-bərabəri yoxdu. Sözümün üstündə dururam, hamıyla da mübahisə etməyə hazıram. Həmin müsahibəmi sosial şəbəkədə paylaşıblar və altından da insanlar öz fikirlərini bildiriblər.

Bir dost isə bunu mənə irad tutub və yazıb ki, bəs İsveçrə?

İsveçrə də cənnətdi, səfalı bir yerdi, gözəl bir yerdi, amma Kəlbəcərin yanında yox. Allah Kəlbəcərdən heç nə əsirgəməyib. Elə təkcə Ağdərədən Kəlbəcərə gedən yoldakı təbiətin gözəlliyi, yolun sağ tərəfində Allahdan başqa heç bir heykəltəraşın imkanları xaricində olan qayalardakı sal sütunlar. Həmin sütunları «Bir qalanın sirri» filmində rejissor çox gözəl nümayiş etdirib. Baxmaq istəyən baxa bilər. Mən hələ İstisuyu-filanı kənara qoyuram, Dəlidağın bir gündə ən azı on dəfə dəyişən havası, kiçik bir ərazidə hərəsinin öz dadı olan Yüzbulaqdakı yüz bulaq, Xanım dərəsi, bal dadan min bir çiçək və sair və ilaxır, bunlar İsveçrədə yoxdu. Sadəcə olaraq, İsveçrəyə gözəllik qatan səliqəli qəsəbələridi və bu qəsəbələrdəki hasarsız kənd evləridi. Və bir də səliqə-sahmanlı tarlaları, əkin yerləri.

İnşallah, Kəlbəcər yenidən tikilir və elə İsveçrədəki qəsəbələr kimi, səliqəli-sahmanlı tikiləcək və qəsəbələrdəki, bu şəhərdəki evlərin də hasarı olmayacaq. Ağalı kəndində və Talışda olduğu kimi.

Necə ki Laçın da indi elə tikilir.

 

Aqil Abbas

Milli Məclisin deputatı