Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Bu gün Qarabağ böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub. İşğalçı qüvvələr Qarabağdakı bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın ediblər. Azərbaycanlılara məxsus yaşayış evlərinin, inzibati binaların və digər tikililərin inşasında istifadə olunan materiallar sökülərək Azərbaycanın işğal səbəbindən nəzarət edə bilmədiyi sərhədlərdən İrana, Ermənistana daşınıb. İşğal dövründə 67 məsciddən 65-i dağıdılmış, digərlərində isə donuz, inək saxlanılmışdı. Bu, əslində, bəzi qüvvələrin İslam dünyasına yüksək səslə bağırdıqları “həmrəyliyin” saxta pafos və ritorikadan başqa bir şey olmadığını göstərir. 30 il ərzində işğal altında saxlanılan torpaqlarımızın yeraltıç yerüstü sərvətləri talan edilib, meşələr kəsilərək satılıb, təbii resurslar qarət olunub. Avropa şirkətinin fəaliyyəti nəticəsində Oxçuçay çirkləndirilib və ekoloji fəlakət mühiti yaranıb. Bu baxımdan, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm də bütövlükdə bölgə üçün təhlükəyə çevrilə biləcək ekoloji fəlakətin qarşısının alınması deməkdir.
“Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi.
44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu.
Gültəkin Cəlilova,
YAP Kəlbəcər rayon təşkilatın üzvü