Bu küçənin sakinləri Mingəçevirin icra başçısından nə istədilər?-FOTO

Aprelin 24-də  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Əliağa Vahid küçəsindəki 4/1 saylı binanın qarşısında sakinlərlə görüşdü. Görüşə  Aydın Məmmədov, Nizami və Xətai küçələrindən də  dərd-sərlərini deməyə gələnlər vardı. Ən çox narahatlıq doğuran məsələlər işsizlik, kanalizasiya sularının zirzəmilərə axması, yaşıllığın suvarılması və təhlükə yaradan ağacların kəsilməsi, həyətlərin işıqlandırılması ilə bağlıydı.

Məlum oldu ki, şəhərdə su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi bərbad halda həyata keçirilir. Təxminə 10 il yaxın müddət ərzində “Azərsu” və podratçı təşkilatlar nəinki işi başa çatdırmayıblar, ən başlıcası isə çirkab suları təmizləməli olan qurğunu inşa etməyiblər.

Doğrudur, “Azərsu” ASC-nin yerli nümayəndəsi vəd verdi ki, sabahdan etibarən sözügedən ərazidəki binaların kanalizasiya xətlərinin dəyişdirilməsinə başlayacaq və işi qısa müddətdə başa çatdıracaqlar. Hətta başçı da camaata bir qədər səbirli olmağı tövsiyə etdi. Amma bu fikirlər o qədər də inandırıcı görünmədi. Uzun illər ərzində işinin öhdəsindən gəlməyən bir qurumun  az zamanda problemi həll edəcəyi inandırıcı görünmədi. Kənarda dayanan insanlar açıqca deyirdilər: “Tez-tez suyun qiymətini qaldırmağı bacarırlar, amma normal xidmət göstərməyi yox…”

Başçı Mingəçevir Sənaye Kombinatında və keçmiş Regenerat zavodunun yerində yeni istehsal müəssisələrinin açılacağını, su hövzəsinin ətrafında istirahət-sağlamlıq kompleksinin tikintisi üçün layihə hazırlandığını diqqətə çatdırsa da, SSRİ dağılandan bəri işsiz qalan insanların sifətində ümid işartısı görünmədi.

Amma bu görüşdə vəziyyətin düzələcəyinə ümid edənlər də az deyildi. Sakinlərdən Vilayət Süleymanov, Təranə Paşayeva, Abusəlim Salamov, Aidə Əliyeva, Nahid Mustafayev, Elnur Yusifzadə, Arif Əhmədov, Sevda Məmmədova, İlqar Mirzəyev çıxış etdilər və yerli hökumətin rəhbərindən xahiş etdilər ki, onları narahatlıqdan qurtarmaq üçün ciddi tədbirlər görsün.

İctimai fəal Vaqif Sadıqov isə dedi ki, hər işi hökumətin boynuna yükləmək lazım deyil: “Sakinlər də öz üzərlərinə düşəni etməlidirlər. Şəhərdə ilk mərkəzləşdirilmiş isitmə sistemi burda qurulub, amma əksəriyyət mövsümdə yaranan 40-50 manat həcmində istilik pulunu vermir. Halbuki mənzilində kombi quraşdıranlar ay ərzində qaza görə bundan çox pul xərcləyirllər. Belə davam edərsə, günün birində qazanxana işini dayandıracaq, çünki o da qazın pulunu ödəyə bilmir”.

İlham İsmayılov çıxış edən şəxslərin adlarını və qaldırdıqları məsələləri dəftərinə qeyd edərək, hamısını nəzarətə götürdüyünü  elan etdi (keçmiş başçıların vaxtında qeydiyyatı aparat işçilərindən biri  aparırdı və bir çox hallarda məsələlər həllini tapmırdı) və məsul şəxslərə  yerində konkret tapşırıqlarını verdi. İndi qalır bir müddət də gözləmək. Əgər nəticə olacaqsa, şikayətlər də azalacaq.

Mənbə: mi-news.az