Qahirədə “Misir-Azərbaycan münasibətlərinin 30 illiyi” adlı kitabın təqdimatı olub

Misirin “Əl Hivar” Siyasi Dialoq və Media Araşdırmaları Mərkəzində tədqiqatçı-jurnalist Məhəmməd Sələmənin “Misir-Azərbaycan münasibətlərinin 30 illiyi” adlı kitabın təqdimatı olub. Tədqiqat əsəri ölkəmizin Misirdəki səfirliyinin maliyyə dəstəyi ilə Misirin Yaxın Şərq Media Nəşriyyat Evində nəfis şəkildə çap olunub.

AZƏRTAC xəbər verir ki, təqdimat Qahirə Universitetinin professoru Cəlal Əl Hifnəvi, Misirin Ali Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Bağdadi İmam, Misir parlamentinin sabiq deputatı, professor Hişam Meqdi, ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov, alimlər və siyasətçilər iştirak ediblər.

Tədbirdə çıxış edən kitabın müəllifi Məhəmməd Sələmə bildirib ki, bu tədqiqat əsəri bu il 30 illiyini qeyd etdiyimiz Misir-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunub. O diqqətə çatdırıb ki, 219 səhifə və altı fəsildən ibarət kitabda bu illər ərzində iki dost ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil, dini, turizm və idman sahələrində əməkdaşlıqdan, xüsusən parlamentlərarası əlaqələr və 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra dostluq qrupunun yaradılmasından, Misirin Azərbaycanın müstəqilliyini tanıyan ilk ərəb və Afrika dövləti olmasından bəhs olunub. Tədqiqat əsərində xalqımızın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qahirədə keçirdiyi Beynəlxalq Əhali Konfransında iştirak etmək üçün Qahirəyə səfərinə xüsusi yer ayrılıb. Bu səfərdən sonra ticarət əlaqələrinin təşviqi sahəsində müxtəlif layihələr həyata keçirilib, həmçinin Qalyubiyədə dahi siyasətçi Heydər Əliyevin heykəli ucaldılıb, məktəbin açılışı olub, Xırdalan şəhərində Misir bağı salınıb, Qalyubiyə əyaləti ilə Abşeron rayonu arasında qardaşlıq müqaviləsi imzalanıb. Təhsil sahəsində də əməkdaşlıq genişlənib, tələbə mübadiləsi artıb. Misirin Birlik və Yeni Müstəqil Ölkələrlə Əməkdaşlıq Fondunun xətti ilə 1500 azərbaycanlı gənc bu ölkədə təhsil alıb.

Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri, imzalanmış sənədlər, mədəniyyət tədbirləri, digər əlamətdar hadisələr barədə ətraflı məlumat verilib.