Azərbaycan və İordaniya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

İordaniya Senatının prezidenti Faysal Al-Fayez Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, İordaniya parlamentinin yuxarı palatasının rəhbəri iki dost ölkənin qanunverici orqanları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib. O, eyni zamanda, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əlaqələrinin inkişafının böyük potensialından daha səmərəli istifadə edilməsində parlamentlərin mühüm rolunu diqqətə çatdırıb.

Səfir E.Səlimov iki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, parlamentlər arasında əlaqələrin daha da inkişafının əhəmiyyətini vurğulayıb. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və tikinti işləri barədə Senatın prezidentinə ətraflı məlumat verən diplomat İordaniya Kralı II Abdullanın regionda sülhün və təhlükəsizliyin bərqərar olmasında mühüm rolunu qeyd edib.