Budapeştdə Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçiriləcək

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əli Hüseynli mayın 27-də Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Əli Hüseynli Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən təşkil olunacaq 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq. Tədbirdə Macarıstan parlamentinin vitse-spikerinin və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində Əli Hüseynlinin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələrinin gücləndirilməsi məqsədilə bir sıra görüşləri də gözlənilir.

Səfər mayın 29-da başa çatacaq.