İlahiyyat İnstitutunda seminar: İslamla mənəvi terapiya

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ali təhsil müəssisəsində seminar keçirilib. “Tələbə seminarları” layihəsi çərçivəsində Aİİ İlahiyyat fakültəsinin IV kurs tələbəsi Fərid Qasımzadə “İslamla mənəvi terapiya” mövzusunda çıxış edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Fərid Qasımzadə çıxışında İslamın insanların mənəvi ehtiyaclarını təmin edən əsas amil olduğunu deyib. O qeyd edib ki, inanc fərdin düşmüş olduğu bütün depressiv hallarda onun bu vəziyyətdən çıxmasına təkan verən ən güclü motivasiyalardan biridir.

Günümüzdə mənəvi böhran və dəyər çatışmazlığı yaşayan insanların bu vəziyyətdən qurtula bilməsində inancın, xüsusilə İslam dininin rolunu vurğulayan məruzəçi Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin də məsuliyyət daşıdığını vurğulayıb. Məruzəçinin fikrincə, institutun hər bir tələbəsi cəmiyyətin onlara olan ehtiyacını dərk etməli, bu istiqamətdə yüksəkixtisaslı kadr olmaq üçün çalışmalıdır. Əxlaqi və mənəvi keyfiyyətlərə sahib olmaq hər bir ilahiyyatçı üçün zəruridir.

Seminar müzakirələrlə davam edib.

Qeyd edək ki, “Tələbə seminarları” layihəsinin həyata keçirilməsində məqsəd gənclərin bilik səviyyələrinin, bacarıq imkanlarının nümayiş etdirilməsi, elmi fəaliyyətə marağın artırılması, bu yöndə onların fəallığına nail olmaqdır.