Yanvarın 11-də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) macarıstanlı veteran məzunlarına xatirə medalları təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın əfsanəvi ali məktəbinin rəhbərliyinin bu fəxri mükafatına Macarıstan Neft-Qaz Korporasiyasının (“Magyar Olaj és Gázipari Részvénytársaság”, MOL) baş direktorunun keçmiş müavini İştvan Ulrix, MOL-un mütəxəssisi, Bakı ali məktəblərinin macarıstanlı məzunları assosiasiyasının prezidenti Yulianna Keteleş-Baranyai, habelə Macarıstan Neft-Qaz tədqiqatları İnstitutunun mərhum əməkdaşı Luka Georgeyev Zumpalov layiq görülüb. Zumpalovun medalı onun dul qadını, ELTE Universitetinin dosenti, Bakı Dövlət Universitetinin məzunu Mariya Kenyeşeiyə təqdim edilib.