1990-cı ilin 20 yanvar tarixində Doğma Vətənini, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, yalnış psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.
Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə qüdrətli liderin – Heydər Əliyevin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində Moskva şəhərində. Xüsusilə qeyd olunmalıdır ki, məhz Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Bugün qürur hissi ilə söyləmək olar ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən olan bu hadisənin qurbanlarının ruhu şaddır. Ona görə ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik siyasəti, peşəkar rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti nəticəsində Azərbaycan xalqı ərazi bütövlüyümüzə qarşı olan təhdidlərə və işğala 44 gün davam edən Vətən müharibəsində son qoydu. Bu möhtəşəm Qələbəmizlə tarixi ədalət bərpa olundu, Azərbaycan xalqının böyük arzusu yerinə yetirildi və doğma dədə-baba torpaqlarımız geri qaytarıldı. Hər bir Azərbaycanlı bugün fəxr edib, qürur hissi duyur ki, Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi eyni zamanda 20 Yanvar, Xocalı Soyqırmı, Qarabağ müharibəsi şəhidlərinin qisası alındı, şəhidlərimizin qanının hədər getmədiyi sübuta yetirildi. Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrinə yazılan bu möhtəşəm Qələbə-tariximiz, millətimiz və dövlətimiz var olduqca dillərdə dastan olacaq.
İlham Məmmədov
Millət vəkili