Tanrı müdrik dövlət xadimlərini Azərbaycan xalqından əsirgəməyib. Əslində onların sayının o qədər çox olduğunu söyləmək mümkünsüzdür. Ancaq bu xalq öz dövlət adamlarını sanki zamanın tələbinə uyğun şəkildə yetişdirir. Zaman isə bizdən böyüməyi tələb edir.
Əslində bu tələbat, bir növ, yox olmamaq üçün böyümək, güclənmək zərurəti kimi meydana çıxır. Müstəqilliyimizin ilk illərindəki durumu yada salaq. Min bir çətinliklər bahasına başa gəlmiş, müəyyən mənada həm də tarixin hədiyyəsi kimi meydana çıxmış dövlətçiliyimizin yenidən itirilməsi təhlükəsi yaranmışdı. O zaman Ulu öndər Heydər Əliyev olmasaydı, kim bilir, indiki Azərbaycan var idi ya yox. Var idisə də bu varlıq hansı görkəmdəydi?..
Bəli, Heydər Əliyev bizə tarixin lütfü kimi meydana çıxmış şəxsiyyətdir. Onun baxış bucağı, dünyagörüşü, hadisə və proseslərə yanaşma tərzi, hətta liderlik keyfiyyətlərinin özü də bizim düşüncə və baxışlarımızı aşırdı. Heydər Əliyev Azərbaycandan böyük idi, çox yüksəkdəydi və obrazlı desək, Azərbaycanı da o yüksəkliyə dartıb çıxarmaq istəyirdi. O, əvvəl yolun yoxuşundakı alaq otlarını təmizlədi. Bunu məharətlə bacardı və düzən yaratdı. Düzən liderlikdə varislik prinsipini diktə edirdi. Heydər Əliyev şəxsiyyəti bu diktəni də reallıqla uzlaşdırmağı bacardı.
İlham Əliyev idi bu prinsipin adı. Bu, elə bir prinsip idi ki, formalaşmış düzənə mütəhərriklik gətirməliydi, gücə güc qatmalıydı. Başqa cür mümkün də deyildi. Bu dəfə Azərbaycanın miqyasını çox böyük anlamda aşmağa ehtiyac yaranmışdı. Qlobal inkişaf, transformasiyalar, neft amili, gözümüzün önündə viran qalan dövlətlər və ayaqda qalmaq. Dimdik qalmaq. Dimdik qalaraq dünya ilə bərabər addımlamaq. Dünyanın ayrılmaz parçasına çevrilmək. Geridə qalan atların güllələndiyi bir dünya düzənində ayaqda qalmaq, dünya boyda olmaq.
Prezident İlham Əliyevin miqyasının böyüklüyü imkan vermədi ki, güllələnək. Onun şəxsində Heydər Əliyev kursunun müdrikliyi qəribə bir mistika qazandı. Qarabağ atı. Düşünün ki, Heydər Əliyev çıxışlarında Azərbaycan xalqının mütləq və mütləq Qarabağa sahib olacağını vurğulayırdı. Bunu az qala hər nitqində dilə gətirirdi. İlham Əliyevin gücləndirdiyi Azərbaycan Qarabağ atının güllələnməsinə yol verməməklə gücümüzə təntənə qazandırdı. Biz xalq olaraq qeyrətimizin, namusumuzun güllələnməsinin qarşısını aldıq. Bütün güllələyənlərə tarixi dərs verdik. İlahi, Heydər Əliyev bu günləri görürmüş və bu günlərə hamımızdan çox İlham Əliyev inanırmış. Dövlət və dövlətçilik baxışı da elə budur.
İlham Əliyev ona görə böyük liderdir ki, dövlətçiliyə ideoloji obraz qazandırıb. Prezidentin baxışları müstəqilliyimizə dönməzlik libası geyindirib. Ona çətinliklərdən, təlatümlərdən müdafiə, təbii müqavimət instinkti verib. Bir sözlə dövlət kimi dövlət olmuşuq.
Azərbaycan tarixinin heç bir dövründə indiki qədər güclü və qətiyyətli olmayıb. Bir lider ömrünün 60 ilinə baxanda bunlarla fəxr etməzmi, qürur duymazmı? Bəli qətiyyətlə demək mümkündür ki, 60 ilin hesabatı qüdrətli Azərbaycandır! İlham Əliyevin qüdrətləndirdiyi Azərbaycan! Bu Azərbaycana görə hamımız qürur duyur, fəxarət hissi keçiririk. Və bu hissimizdir ən böyük yubiley təbrikimiz.
Azərbaycandan böyük Lider, mən də Sizə ünvanlanmış təbriklərə qoşulmaqdan məmnunam. Azərbaycan həmişə ucalsın, onu görün! Görün, onunla və özünüzlə daim qürur duyun! Qüruru Vətən olan insan kimi yaddaşımızda əbədisiniz! Uca Tanrı yar və yardımçınız olsun!
Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri
/kaspi.az/