Jurnalist Aygün Muradxanlıdan Prezidentin 60 illik yubileyi ilə bağlı maraqlı təbrik

Tanınmış jurnalist Aygün Muradxanlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevə 60 illik yubilieyi münasibəti ilə maraqlı bir təbrik ünvanlayıb və özünün feysbuk hesabında paylaşıb.

 

 Kanal32.az  həmin təbriki olduğu kimi təqdim edir:

“Qarabağ” dedik, dərin bir yaranın qaysağını qoparıb müalicəsinə başladı;

 

“Şuşa” dedik, Ordu bizi Şuşaya apardı;

 

TURAN dedik, Azərbaycan Respublikası Türk Dövlətlər Birliyinin təsisçisi oldu;

 

“Türkiyə Azərbaycan dövlətinin müstəqilliyinin qarantıdır, nicat birlikdədir” dedik, Şuşa, Bakı bəyannamələrinə imza atdı, Türkiyə rəsmən Qafqazda hərbi-siyasi faktora çevrildi;

 

“İran” dedik, İranı Azərbaycanla bərabərhüquqlu münasibətlər müstəvisinə gəlməyə məcbur etdi, ilk dəfə Xudafərinə Azərbaycan Respublikasının bayrağını sancdı;

 

“Ordu təmizlənsin, modernləşsin dedik” min bir fitnəni gözə alıb rus hərbi düşüncəsini, stratejisini Türkiyə, NATO modelinə dəyişmək sürəci başlatdı;

 

30 ildir Qarabağ çözümündə Azərbaycana “siz reallıqlarla barışın” deyən Qərb üçün yeni reallıqlar yaratdı;
Daha Azərbaycan sadəcə 3 Güney Qafqaz ölkəsindən biri deyil – hədəflərimiz və Ordumuzun qazandırdığı nüfuzumuz ölkənin siyasi, hərbi, iqtisadi çəkisini artırıb, biz daha köhnə çərçivələrimizə sığmırıq, oturuşmuşuq, güclənmişik.

 

Çətin yoldur, ağır yükdür, ciddi psixoloji savaşdır. İmperiyalardan qurtulmaq nə zaman asan olub ki? İndi yolun elə bir mərhələsinə gəlmişik, kənardan gələn hər təhlükəni dəf etmək üçün millət olaraq bir-birimizə tutunmağımız şərtdir. Açıq, gözlə görülən düşmənlə çəkişməyə nə var, əsas daxilə sızanları təmizləməkdir. Korrupsiyanı, rüşvəti, siyasi məhbus problemini, məmur özbaşınalığını, polis, məhkəmə dərəbəyliyini, millətə göz açdırmayan monopoliyanı, düşərgələrarası münasibətlərdə etimadsızlıq və nifrət tonunu da cəhənnəmə göndərməliyik, bizi daxildə parçalayan bütün faktorları gorbagor etməliyik.

 

Top da, tüfəng də yenə Prezident İlham Əliyevdədir. Yubiley günündə arzu edirəm ki, bu savaşı da 44 gündən çox çəkməsin və qələbə Azərbaycanın olsun.