Orta məktəblərdə kütləvi tədbirlər MƏHDUDLAŞDIRILDI

237

Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov fevralın 24-də koronavirusla bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) tapşırıq verib.

kanal32.az-ın məlumatına görə, tapşırıqda bildirilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) tabeliyindəki təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaranıb.

Aparat rəhbəri qeyd olunan vəziyyəti nəzərə alaraq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) bir sıra tədbirlərin görülməsini tapşırıb (apa).

Həmin tədbirlər bunlardır:

 

  • Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi.
  • Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yerləşdirilməsi.
  • Ümumi təhsil müəssisələrinin tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması.
  • Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması.
  • Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması.
  • Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması.