Prezident İlham Əliyev: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”
Yeni siyasi , tarixi , iqtisadi, sosial və geostrateji reallıq formalaşır. Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Strateji yaddaş, bir cəmiyyətin keçmiş təcrübələrinə əsaslanaraq gələcək istiqamətini müəyyən etmək qabiliyyətini ifadə edir. Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi ən prioritet istiqamətlərdən biridir. Mərkəzi Asiya dövlətləri Azərbaycanla əlaqələrə çox böyük əhəmiiyət verirlər. Son illərdə Azrbaycanın Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri daha da genişlənmiş və dərinləşmişdir. Türk dövlətləri arasında müdafiə sənayesi, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və logistika, kibertəhlükəsizlik, mədəniyyət, təhsil, turizm, səhiyyə, iqlim dəyişikliyi, kənd təsərrüfatı və qida, süni intellekt və məlumatların idarə olunması, rəqəmsal transformasiya və informasiya texnologiyaları da daxil olmaqla bir çox müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etmişdir. Keçmişlə müqayisədə Türk dünyası gələcəyini daha böyük imkanlar və potensialla qurur. Azərbaycan Respublikasının Türk dünyası ilə “dildə, işdə və düşüncədə birlik” anlayışına əsaslanan münasibətləri, diplomatik yaxınlaşmadan kənara çıxan və qarşılıqlı ticarət, vizasız səyahət müqavilələri və konkret layihələrlə dəstəklənən sənaye, enerji, logistika və mədəniyyət kimi bir çox sahələrdə əməkdaşlığı əhatə edən hərtərəfli inteqrasiya prosesini əks etdirir. Türk dünyası ilə münasibətlərimiz artan ticarət həcmi, qarşılıqlı investisiyalar və strateji əməkdaşlıq nəticəsində daha inkişaf etmiş bir nöqtəyə çatmışdır. 2009-cu ildə qurulan və 2021-ci ildə İstanbulda keçirilən zirvə toplantısında Türk Dövlətləri Təşkilatı adlandırılan Türk Şurasının institusional strukturunun gücləndirilməsi və “Türk Dünyası 2040 Vizyonu”nun bəyan edilməsi uzunmüddətli perspektivdə gələcək üçün ortaq vizyonumuzu gücləndirəcək. Bundan əlavə, TÜRKSOY, TÜRKPA, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, Türk Universitetləri Birliyi və Türk Dünyası Bələdiyyələr Birliyi kimi müxtəlif sahələrdə müxtəlif mexanizmlərin yaradılması əməkdaşlıqda hədəflənən konkret addımları sürətləndirəcək Türk dünyası bu gün geniş bir coğrafiyaya yayılmışdır. Hazırda təxminən 300 milyon əhalini və 2.4 trilyon dollarlıq iqtisadi həcmi əhatə edən Türk dünyası, geniş insan resursları sayəsində böyük potensiala və gücə malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , TDT-yə üzv dövlətlərin hökumət başçıları ilə görüşündə bildirib ki, “Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq.Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri qarşılıqlı etimad üzərində formalaşan əməkdaşlıq bu gün siyasi dialoq, iqtisadiyyat, nəqliyyat-logistika, enerji, investisiya, humanitar əlaqələr və regional təhlükəsizlik kimi strateji istiqamətləri əhatə edən çoxtərəfli tərəfdaşlıq və əməkdaşlıq qarşılıqlı fayda əsasında bir çox sahələrdə sürətlə inkişaf etmişdir. Azərbaycan və Mərkəzi Asiya xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub və ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlər daha da dərinləşmişdir. Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində daha təsirli aktora çevrilmişdir. Eyni zamanda İssık-Kul Türk dünyasının geosiyasi yaddaşının və gələcəyinin simvoludur. Prezident İlham Əliyev :“Bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.” Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dinamikası bu baxımdan xüsusi diqqət çəkir. Özbəkistanla strateji tərəfdaşlıq yeni mərhələyə keçib. Qazaxıstanla Xəzər üzərindən yükdaşımalar sürətlə artır. Türkmənistanla münasibətlərdə uzun illər mövcud olmuş problemlər aradan qaldırılıb və enerji əməkdaşlığı genişlənir. Qırğızıstanla isə artıq təkcə siyasi dialoq deyil, iri investisiya layihələri, sənaye müəssisələri, sosial obyektlər və birgə inkişaf proqramları həyata keçirilir. Bir neçə il əvvəl bunlar ayrı-ayrı layihələr kimi görünürdüsə, bu gün artıq vahid strategiyanın elementləri kimi çıxış edir.Ümumiyyətlə, geosiyasi baxımdan mühüm bir bölgədə yerləşən Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında çoxşaxəli əməkdaşlığın və strateji münasibətlərin daha da inkişaf etdirilməsi təkcə iki dövlət üçün deyil, həm də regional inkişaf və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələr strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanır , bu münasibətlər siyasi dialoq, iqtisadi-ticarət əməkdaşlığı və mədəni-humanitar sahələri əhatə edir və mədəni əlaqələr tarixi təməllər üzərində inkişaf edir və zənginləşir. Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşləq əlaqələri mövcuddur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. Bu gün iki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan-Özbəkistan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır. Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.Hörmətli Prezident Şavkat Miromonoviçlə şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Onu bildirməliyəm ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur”, – deyən dövlətimizin başçısı əlavə edib ki, bir çox iqtisadi, sənaye layihələri icra edilir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azrbaycanla əlaqələrə yüksək diqqət göstərdiyini vurğulayaraq bildirmişdir:“Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik. Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar”
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev də özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə, ondan sonra – 1990-cı illərdə isə İslam Abduqəniyeviç Kərimov ilə dostluğu münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin təzahürüdür.
Azərbaycanla Türkmənistan arasında münasibətlər xüsusən enerji və nəqliyyat sahələrində son illərdə daha da inkişaf edib. Hər iki dövlət enerji təhlükəsizliyinin və nəqliyyat dəhlizlərinin regional və qlobal əməkdaşlıqdakı rolunu düzgün qiymətləndirərək, sözügedən sahələrə sərmayələr yatırırlar. Türkmənistan özünün karbohidrogen ehtiyatlarını həm də Azərbaycanın enerji dəhlizləri vasitəsilə ixrac edir. Azərbaycanla Türkmənistan arasında əlaqələr həm də üçtərəfli – Türkiyə-Azərbaycan-Türkmənistan formatında inkişaf edir. 2022-ci ilin dekabr ayında keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü türk dövlətləri arasında münasibətlərin daha da inkişafı baxımından mühüm siyasi hadisəyə çevrilib. Türkmənistanda keçirilən bu Zirvə görüşü dünyaya verilən mühüm mesajlarla yadda qalıb, türk dövlətləri arasında qardaşlığın sarsılmaz olduğunu göstərib Azərbaycanın həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. 2021-ci ilin 15 iyununda isə bu möhtəşəmlik iki ölkənin daha bir tarixi addımı ilə davam etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tarixdə Qələbəmizin simvollarından olan Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nə imza atdılar. Tarixə “Şuşa Bəyannaməsi” kimi həkk olunmuş bu mühüm sənəd iki qardaş ölkə arasındakı münasibətlərin tamamilə yeni bir mərhələsidir. Azərbaycan və Türkiyə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünya nüfuzunu artırıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz qələbəsi ilə Azərbaycan xalqını məğlub millətdən qalib millətə çevirdi, özünəinam aşıladı və gələcək nəsillər üçün nümunə oldu. 44 günlük müharibənin nəticəsi olaraq, Prezident cənab İlham Əliyevin müdrik liderliyi, dərin düşüncəsi, strategiyası, diplomatik və siyasi bacarığı, liderlik qabiliyyəti sayəsində Azərbaycan xalqı son 200 ildə üçüncü dəfə, XXI əsrdə isə ilk dəfə qalib millət kimi qürurla və inamla addımlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının və dövlətinin 30 illik işğalına son qoydu və Azərbaycanlıları yenidən qalib millətə çevirdi.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı