Türkiyəyə investisiya qoyan əcnəbilər üçün yaşama icazəsi tələbləri yenilənib.
KANAL32.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunan qərara əsasən, azı 150 min dollar sərmayə qoyan əcnəbilərə 3 il, 200 min dollar sərmayə qoyanlara isə 5 il müddətinə yaşama icazəsi verilə bilər.
İnvestisiya müvafiq hesabda, fondda və ya sistemdə yaşama icazəsi müddətinin ən azı yarısı qədər saxlanılmalıdır.
Yeni tənzimləməyə əsasən, əcnəbilər Türkiyədə bank depozit hesabı açmaq, dövlət borc alətləri almaq, daşınmaz əmlak və ya vençur kapitalı investisiya fondlarında iştirak etmək, yaxud özəl pensiya sisteminə investisiya qoymaq yolu ilə yaşama icazəsi üçün müraciət edə bilərlər.
Sərmayələrin uyğunluğu növündən asılı olaraq Bank Tənzimləmə və Nəzarət Agentliyi, Xəzinə və Maliyyə Nazirliyi, Kapital Bazarları Şurası, eləcə də Sığorta və Xüsusi Pensiya Tənzimləmə və Nəzarət Qurumu tərəfindən müəyyən ediləcək.
Yeni qərardan yalnız investorlar deyil, onların əcnəbi həyat yoldaşları, eləcə də özlərinin və ya həyat yoldaşlarının yetkinlik yaşına çatmamış və ya himayədə olan əcnəbi övladları da yararlana biləcəklər. Müraciətlərlə bağlı prosedur Daxili İşlər Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.
Yeni qaydaya əsasən verilən yaşayış icazələri Türkiyə Vətəndaşlığı Qanununun “müstəsna vətəndaşlıq” müddəalarının əhatə dairəsindən çıxarılacaq. İnvestisiyaya əsaslanan vətəndaşlıq müraciətləri üçün minimum hədd daşınmaz əmlak üçün 400000 dollar, bank əmanətləri, dövlət borc alətləri, təyin olunmuş investisiya fondları və ya özəl pensiya investisiyaları üçün isə 500000 dollar olaraq qalır. Vətəndaşlıq üçün investisiyala ən azı 3 il müddətində qorunub saxlanılması tələb olunur.
Əvvəlki qaydalara əsasən, investisiya vasitəsilə qısamüddətli yaşayış icazəsi almaq istəyən əcnəbilərdən vətəndaşlıq müraciəti üçün tələb olunan investisiya meyarlarını qarşılaması tələb olunurdu. Yeni qərarla birlikdə yaşayış və vətəndaşlıq şərtləri bir-birindən ayrıılaraq investisiya məbləğinə əsaslanan 3 və 5 illik mərhələli yaşayış icazəsi sistemi tətbiq edilib.
/ednyus.net/