Unun və çörəyin bahalaşması RƏSMİLƏŞDİ

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib.

Kanal32.az xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

Məlumatda deyilir ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın ötən ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% artım baş verib.

Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətləri real qiymətlərdən aşağı saxlanılmıb. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil.

Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.

Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşmış, un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpik.

Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.

Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ictimaiyyətə açıqlanacaq.

İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00.

/modern.az/