Gənc şairdən Qənbər Şəmşiroğlunun vəfatına itihaf-FOTO

30 dekabr 2021-ci ilin səhəri yayılan acı xəbər Kəlbəcər eli üçün ağır bir hadisə oldu. Şair-publisist, İctimai-siyasi xadim, Dədə Şəmşir yadigarı, elimizin əvəzsiz ağsaqqalı,dəyərli ziyalı Qənbər müəllim ömrünün 88-ci ilində haqq dünyasına qovuşdu…

 

Dedilər itirdik ustad oğlunu,

Alışdı bu dərdə el-oba yandı.

Doğma balasıtək alıb qoynuna,

Torpaq sevincindən nura boyandı.

—

Doğma Kəlbəcərdən təsəlli tapdı,

Çəkirdi könlündə Ağdaban dağın.

Dözdü hər sınağa, hər çətinliyə,

Yaşatdı müqəddəs Şəmşir ocağın.

—

Çəkilib kənarda durmadı heç vaxt,

Elin ürəyində başdaydı yeri.

Əli çörəkliydi, qapısı açıq,

Üz tutan naümid dönməzdi geri.

—

Yaman ağır oldu bu acı xəbər,

Ağsaqqal itirdik müdrik yaşında.

Unutmaz Kəlbəcər adlı diyarı,

İzi var vətənin hər qarışında.

—

Xeyir əməllərdən bir yuva qurub,

Sazla, sözlə başa vurdu dünyasın.

Yığılsın alimlər təhlil eyləsin,

Qənbər Şəmşiroğlu “Akademiya”sın.

Əziz və sayğı-dəyər Qənbər müəllimin ruhuna dərin hörmətlə,

Samir Mustafayev