“Rusbaşların”xəyanətə bərabər KORLUĞU…-Yaxud “tərcümə xətası” adı ilə cəmiyyətə…

“Korluq” sözü dilimizdə təkcə fiziki qüsur, görmə qabiliyyətinin itirilməsi deyil, həm də “korluq çəkmək”, yəni nəyinsə yoxsulluğunu yaşamaq mənasında işlədilir.

Azərbaycandakı “rusbaşlar” üçün bu sözün hər iki mənası keçərlidir. Bunu faciə adlandırdığımız, əslində isə qətliam olan 20 yanvar hadisələrinin ildönümü ərəfəsində üzə çıxan, Azərbaycandakı məktəblərin rus bölmələrində tədris olunan 4-cü sinif rus dili dərsliklərindəki “xəta” da sübut edir.

Xatırladaq ki, həmin kitabın 20 yanvar hadisələrinə aid hissəsində Sovet ordusunun Bakını işğal etməsi real işğal, təcavüz faktı yox, Azərbaycan Xalq Cəbhəsinin “dağıdılması” əməliyyatı kimi qələmə verilib.

Şəhidlərinsə guya Sovet əsgərləri ilə AXC “döyüşçüləri” arasında gedən atışma nəticəsində həlak olduğu göstərilir: “Sovet ordusu Xalq Cəbhəsini dağıtmaq və hakim partiyanın hakimiyyətini xilas etmək üçün Bakıya hücum edib. Əsgərlərlə Xalq Cəbhəsinin döyüşçüləri arasındakı küçə döyüşlərinin gedişində dinc vətəndaşlar həlak olub…”

Qətliamın dərslikdəki bu təqdimatı, 1990-cı ilin yanvarında Mixail Qorbaçovun rəhbərlik etdiyi mərkəzi hakimiyyətin 20 yanvar hadisələrinə verdiyi qiymətlə, izahla demək olar ki, tam üst-üstə düşür.

 

Belə çıxır ki, Sovet-rus-erməni ordusu həmin vaxt Bakını işğal etməyə, milli-azadlıq hərəkatını, Qarabağla bağlı xalqın HAQLI etirazlarını boğmağa yox, Xalq Cəbhəsinin “döyüşçüləri” ilə savaşmağa gəlib. Marşrut avtobuslarında, öz mənzillərində, avtomobillərində, hətta təcili tibbi yardım maşınlarında gülləbaran edilərək Şəhid olanlar, eləcə də dinc nümayişçilər isə “əli silahlı döyüşçülər” olublar.

Tariximizin yaddaşındakı bu qanlı səhifəyə, böyük faciəyə, qətliama bu cür xaincəsinə qiymət verməyə yalnız Moskvadakı o vaxtkı hakimiyyət və onun indi də davam edən imperiya təfəkkürü, bir də bu təfəkkürün yerlərdəki qulbeçələrinin və nökərlərinin köləlik, yaltaqlıq, saxtakarlıq xisləti qadirdir.

 

Həmin hadisələrə bu cür qiymət verən və azərbaycanlı adı daşıyanların milli kimlik sarıdan korluq, qıtlıq çəkdikləri şübhəsizdir. Çünki bu sətirləri bir azərbaycanlının, qanında, canında azca da olsa, millətimizə xas hansısa əlamət olan biri yaza bilməzdi…

Bəziləri, o cümlədən də, rəsmi qurumlar bunu “tərcümə xətası”, qəsdən edilməyən yanlışlıq kimi qələmə verməyə çalışırlar.

Rəsmi qurumları, o cümlədən də, Təhsil Nazirliyini başa düşmək olar. Onların işi zatən əksər hallarda öz yarıtmazlıqlarını, səhlənkarlıqlarını, bəzənsə, yararsızlıqlarını hansı yolla olursa olsun ört-basdır etmək, malalamaqdır. Ancaq hər kəsə məlumdur ki, bu dərsliklər məktəblərə göydən düşməyib. Hər halda, nazirlikdə də kimlərinsə əlindən keçib.

 

Kitabın nəşr edildiyi və Ramiz Mehdiyevə məxsus olduğu bildirilən “Şərq-Qərb” nəşriyyatından isə məsələ “tərcümə xətası” ilə ört-badır edilməyə şalışılır.

“4-cü siniflər üçün Rus dili dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişikliyi zəruri edir”- deyə, millətimizin, dövlətimizin tarixini təhrif etməyə yönəlmiş faktını sıradan bir hadisə kimi qələmə verirlər.

Əgər bunu görüb də məktəblərə ötürüblərsə, bu, bir cinayət – yox, əgər görməyiblərsə, bu da başqa bir cinayətdir – korluqdur! Həmçinin, bu biabırçılığa baxmayaraq, dərsliklərin dəyişdirilməməsi, 2023-cü ili gözləmək qərarının verilməsi də təhsilə cavabdeh qurumların hansı strateji düşüncəyə malik olduğunu üzə çıxarır…

Bu məsələ həm də rus bölmələrində vəziyyətin necə acınacaqlı olduğunu bir daha ortaya qoyur. Azərbaycanda ümumilikdə 90 mindən artıq şagird 340 məktəbdə rus bölməsində təhsil alır. Deməli, 90 min şagird, 90 min ailə, 340 məktəb isə 340 müəllim kollektivi, hər kollektivdə də yüzlərlə müəllim deməkdir.

Həmin dərsliklər 2019-cu ildən tədris olunur. Belə çıxır ki, 3 il ərzində bu qədər valideyn və müəllim, məktəb direktoru, onların müavinləri, ən azından həmin dərsi 4-cü siniflərə tədris edən müəllimlər arasında indiyə qədər bu “xəta”nı görən olmayıb?

Bu dərəcədə fiziki korluq mümkündür mü? Əlbəttə ki, yox. Sadəcə, görsələr də, buna heç məhəl belə qoymayıblar – “qoy uşaqlar elə belə də bilsin”. Çünki bunu görən və qarşısını almalı olanların çoxu elə həmin kitabın müəllifləri kimi düşünürlər, çünki yad dildə danışmağa, dərs deməyə üstünlük verən, övladlarını bu məktəblərə yollayanların hamısı olmasa da, əhəmiyyətli bir qismi fiziki yox, milli mənəviyyat korluğundan əziyyət çəkirlər. 20 yanvarda şəhid olanlar isə belələri üçün uzaq, yad adamlar, “kənddən gələnlər”dir…

Axtaran olsa, bəlkə, rus bölməsinə aid digər dərsliklərdə bundan da artıq və biabırçı təhriflərə, yalanlara, saxtakarlıqlara, Azərbaycanın tarixi, milli-mənəvi dəyərlərinə zidd olan məqamlara rast gəlmək olar. Və təhsilə cavabdeh olan qurumlar bu hallara “tərcümə xətası” adı qoyduqca da, bu biabırçılıq hələ uzun müddət davam edəcək…

 

“AzPolitika.info”