Qocalma prosesini ləngitmək mümkündürmü?-Fəxri Həsənovun yazısı

Orqanizmin vaxtından əvvəl qocalması: səbəbləri, ilkin əlamətləri və bu prosesi ləngitmək mümkündürmü?

 Nə üçün bəzi insanlar yaşlı dövrdə belə fiziki fəallığını və yaxşı sağlamlıq vəziyyətini qoruyub saxlayır, digərlərində isə yaşlanma əlamətləri daha erkən meydana çıxır? Müasir elm bu fərqi genetika, sağlamlıq vəziyyəti və həyat tərzinin qarşılıqlı təsiri ilə izah edir.Qocalma hüceyrələrin və toxumaların bərpa qabiliyyətinin tədricən zəifləməsi, orqanizmin normal fəaliyyətinin dəyişməsi ilə müşayiət olunan təbii bioloji prosesdir. Lakin bu dəyişikliklərin sürəti hər insanda eyni olmur.

Orqanizm nə üçün daha sürətlə qocalır?

 Alimlərin diqqət yetirdiyi əsas amillər arasında siqaret çəkmək, fiziki hərəkətsizlik, xroniki yuxu çatışmazlığı, balanssız qidalanma və şəkərli diabet, ürək-damar xəstəlikləri kimi xroniki patologiyalar yer alır.Hüceyrə səviyyəsində isə DNT zədələnmələrinin toplanması, telomerlərin qısalması, mitoxondrilərin fəaliyyətinin pozulması və xroniki iltihabı dəstəkləyə bilən qocalmış hüceyrələrin yaranması müşahidə olunur.2023-cü ildə Cell elmi jurnalında dərc edilmiş López-Otín və həmmüəlliflərinin «Hallmarks of Aging: An Expanding Universe» adlı elmi icmalında bioloji qocalmanın bir-biri ilə əlaqəli 12 əsas mexanizmi təsvir edilib.

İlkin əlamətlər hansılardır?

 Əzələ gücünün azalması, tez yorulma, fiziki dözümlülüyün zəifləməsi, yuxu pozuntuları və yaddaşda müəyyən dəyişikliklər yaşla əlaqəli proseslərlə müşayiət oluna bilər.Lakin bu əlamətlər vaxtından əvvəl qocalmanın spesifik göstəriciləri deyil. Onlar müxtəlif xəstəliklərlə də əlaqəli ola bilər. Buna görə davamlı şikayətlər zamanı həkimə müraciət etmək vacibdir.

Eyni yaş, fərqli fiziki imkanlar?

Bunun aydın nümunələrindən biri sarkopeniyadır. Sarkopeniya yaşla əlaqədar skelet əzələlərinin gücünün və əzələ kütləsinin azalması ilə xarakterizə olunan xəstəlikdir.Eyni yaşda olan iki insanın fiziki imkanları tamamilə fərqli ola bilər. Onlardan biri aktiv həyat tərzi sayəsində əzələ gücünü qoruyur, digəri isə hərəkətsizlik nəticəsində yeriməkdə, pilləkən qalxmaqda və gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkir.

2019-cu ildə Age and Ageing jurnalında dərc edilmiş Avropa ekspert konsensusuna (EWGSOP2) əsasən, əzələ gücünün azalması sarkopeniyanın əsas ilkin göstəricisi hesab olunur. Tədqiqatlar həmçinin müntəzəm güc məşqlərinin əzələ funksiyasının qorunmasında əhəmiyyətini göstərir.

Yaşlanma prosesini ləngitmək mümkündürmü?

 Müasir tibb qocalma prosesini tam dayandırmaq imkanına malik deyil. Lakin sağlamlığa təsir edən bir çox amilə nəzarət etmək mümkündür.

Müntəzəm fiziki aktivlik, düzgün və balanslı qidalanma, kifayət qədər yuxu, siqaretdən imtina və xroniki xəstəliklərə nəzarət sağlamlığın vaxtından əvvəl pisləşməsi riskini azaltmağa kömək edir.Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, böyüklərə həftədə ən azı 150–300 dəqiqə orta intensivlikli fiziki aktivlik, həmçinin həftədə minimum iki dəfə əsas əzələ qruplarını gücləndirən məşqlər tövsiyə olunur.

Bu gün gerontologiyanın əsas məqsədi insana əbədi gənclik vəd etmək deyil, sağlam həyat müddətini uzatmaq, fiziki aktivliyi, düşünmə qabiliyyətini və müstəqilliyi qorumaqdır.

 

Mənbələr:

  1. Cruz-Jentoft J. və digərləri (2019). Sarcopenia: Revised European Consensus on Definition and Diagnosis. Age and Ageing, 48(1), 16–31. DOI: 10.1093/ageing/afy169.

PubMed — Avropa ekspert konsensusu

  1. World Health Organization (2020). WHO Guidelines on Physical Activity and Sedentary ÜST — rəsmi tövsiyələr
  2. Granic A. və digərləri (2023). Hallmarks of ageing in human skeletal muscle and implications for understanding the pathophysiology of sarcopenia in women and men. Clinical Science, 137(22), 1721–1751. DOI: 1042/CS20230319.

PubMed — elmi araşdırma

Müəllif: Fəxri Həsənov,

reabilitoloq