Prezidentin tənqid etdiyi nazir Söyüdlüdəki araşdırmadan danışdı-VİDEO

“Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir”.

Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olundu: “Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi”.

Nazirin sözlərinə görə, Söyüdlüdə və Gədəbəydəki digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb.

“Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Söyüdlü kəndində sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmadığı müəyyən edilib” – deyə, nazir bildirib.

“Xəstələnmə səviyyəsi ümumi rayon üzrə orta statistik göstəricilərdən aşağıdır. Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib”, – o əlavə edib.

Komissiya sədri bildirib ki, 86 nöqtədə radiasiya fonu, zərərli qaz və digər əksər parametrlər üzrə göstəricilər normalar daxilində olub.

Muxtar Babayev deyib ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb: “Vahid monitorinq nəzarət sisteminin qurulması ilə bağlı vahid plan olmayıb, sionid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun aradan qaldırılması üçün vacib tədbirlər görülməyib. Göl ətrafında lazımi maneələr quraşdırılmayıb. Sanitar-mühafizə honası müəyynələşdirməyib, hasar çəkilməyib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib”.

“Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim edilməyib” – deyə, nazir əlavə edib.

Nazirin sözlərinə görə, ərazid süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.

Muxtar Babayev deyib ki, mövcud tullantı anbarının istismar müddəti 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib: “Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək”.

“Gədəbəyin Söyüdlü kəndində müayinələrin aparılması üçün bir neçə beynəlxalq şirkətin ölkəyə dəvət olunması üçün danışıqlar aparılır” – deyə, Muxtar Babayev əlavə edib.

Nazir bildirib ki, iyulun sonunda müayinələrin aparılmasına başlanılacaq.

Muxtar Babayev deyib ki, tullantı anbarı ilə bağlı icazələrin alınmasında bir sıra uyğunsuzluqlar aşkarlanıb: “Prezident İlham Əliyev tərəfindən dünən müşavirədə xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı bir sıra haqlı iradlar səsləndirilib. Prezidentin tapşırığı, səsləndirilən iradların aradan qaldırılması üçün bütün qüvvələr səfərbər ediləcək. Çalışacağıq ki, belə hallarla üzləşməyək. Bütün tapşırıqlar icra olunacaq”..

kanal32.az