Mingəçevir Şəhər İcra Hakimiyyətinin yeniyetmə və gənclərlə aparılan maarifləndirmə tədbirləri çərçivəsində Gənclər Evində növbəti görüş keçirilib.
KANAL32.az-a verilən məlumata görə,Mingəçevirdə narkomanlığı doğuran səbəb və şəraitin öyrənilməsi ilə bağlı görülən işlərlə bağlı tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin, polis şöbəsinin, şəhər prokurorluğunun, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Mingəçevir şəhər şöbəsinin məsul əməkdaşları, kolleclərin, ümumtəhsil məktəblərinin psixoloq-müəllimləri, gənclər müəssisələrinin təmsilçiləri, media nümayəndələri iştirak ediblər.

Tədbiri açan İcra Hakimiyyətinin hüquq və kadr məsələləri sektorunun müdiri Aynurə Xanlarova gənclərin bu bəlaya qurşanmaması, qorunması məsələsinin aktuallığından, narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təbliğindən danışıb. Polis şöbəsinin əməkdaşı Emin Şixəliyev narkomaniyanın qanunsuz dövriyyəsindən, həkim narkoloq Eldar Mustafayev həyata keçirilən profilaktik tədbirlərdən, müalicə prosesindən, bu maddələrin insan orqanizminə vurduğu bərpaolunmaz zərərlərindən, doğurduğu fəsadlardan söz açıblar.

Müzakirələrdə çıxış edən Qorxmaz Abbaszadə, Aynaz Quliyeva, İnqilab Şirinli, Kamal Nəcəfli, Səbuhi Hüseynov mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər, bu bəlaya qarşı birgə mübarizə aparmağın zəruri olduğu qeyd olunub.

