Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın yenidən qurulmasına və 190 hektar ərazidə böyük sənaye şəhərciyinin yaradılmasına başlayıb. Məqsəd yeni “ağıllı kənd”lərin, muzeylərin, mənzillərin və Ağdamın ölkənin digər şəhərləri ilə əlaqələndirilməsi üçün dəmir yollarının, hava limanlarının tikintisinə xarici sərmayələrin cəlb edilməsidir.
Kanal32. AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirlər “Le Progres Egyptien” portalında fransız dilində dərc olunmuş “Azərbaycan: Ağdamın yenidən qurulmasına yaşıl işıq” sərlövhəli məqalədə yer alıb. Məqalədə qeyd olunur ki, rayonun 450 minlik əhalisi üçün minlərlə mənzil tikiləcək. Ermənistan tərəfindən işğal edilməmişdən əvvəl bu rayon ticarət mərkəzi olub. Şəhərdə salamat qalan yeganə bina Ağdam məscididir.
Yazıda bildirilib ki, bərpa və yenidənqurma işlərindən sonra Ağdam Azərbaycan tarixində dönüş nöqtəsi olacaq, burada sərmayə yatırımı üçün geniş imkanlar yaradılacaq, iqtisadi inkişaf təmin ediləcək.
Vurğulanıb ki, 1930-cu ildə 21 min 450 hektar ərazidə salınan Ağdamın abidə və tikililəri tarixin müxtəlif dövrlərini əks etdirir. Ağdam ən mühüm şəhərlərdən biri olub. Rayonun ərazisi dağlıq və düzənlik hissələrdən ibarətdir. Ağdam 2020-ci ildə 27 illik erməni işğalından azad edilib.