Azərbaycanlı gənclər Misirdə nüfuzlu İslam fondunun tədbirində ölkəmizdə dinə dövlət qayğısından danışıblar
Azərbaycanlı gənclər Səbinə Səmədova və Sandi Səlim Misirin nüfuzlu “Tabah” İslam Fondunun təşkil etdiyi “Gənclərin sosial şəbəkələrdə, mətbuatda rolu və dini dəyərlərin təbliği” mövzusunda konfransda iştirak ediblər.
Kanal32.az Azərtaga istinadən xəbər verir ki, azərbaycanlı gənclər misirli həmyaşıdlarına dövlətimizin dinə qayğısından, xalqımız tərəfindən İslam dəyərlərinin yüksək tutulmasından danışıblar. Misirin din xadimləri – Şeyx Mustafa Hüsnü, dünyaşöhrətli ilahiyyatçı alim Şeyx Həbib Əli Əl-Cəfri və Misirin gənclər və idman nazirinin müavini Yusif Vardaninin iştirakı ilə keçirilən müzakirələrdə dünyəvi dövlət olan Azərbaycanda İslam və digər dinlərə göstərilən diqqət və qayğıdan, ölkəmizin tolerantlıq və dinlərarası dialoq üzrə dünyanın ən mühüm mərkəzlərindən biri olmasından bəhs edilib. Gənclərimiz vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyev dini məbədlərin tikilməsini, eləcə də 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızdakı məscidlərin bərpasını diqqət mərkəzində saxlayır.