Komitə sədri yazır:Azərbaycan–Özbəkistan Xətti ilə Yeni Avrasiya Arxitekturası

Azərbaycan–Özbəkistan Xətti ilə Yeni Avrasiya Arxitekturası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasındakı münasibətlərin ənənəvi dostluq çərçivəsini tamamilə aşaraq tammiqyaslı iqtisadi və siyasi müttəfiqlik mərhələsinə daxil olduğunu aydın şəkildə ortaya qoyur.
Bu gün Bakı ilə Daşkənd arasındakı tərəfdaşlıq yüksək səviyyəli siyasi etimadla yanaşı, həm də qarşılıqlı investisiyalar, sənaye kooperasiyası, nəqliyyat-logistika bağlantıları və enerji inteqrasiyası üzərində qurulan yeni modelə söykənir.
Bu transformasiyanın ən bariz göstəricisi ölkələr arasındakı iqtisadi dinamikanın keyfiyyətcə dəyişməsidir. 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması, 2026-cı ilin ilk beş ayında isə ticarətin 33 faiz artması sübut edir ki, əlaqələr konyunktur sıçrayış təsiri bağışlamır, əksinə dərin köklərə bağlanan davamlı proses kimi inkişaf edir. Əvvəlki mərhələlərdə dövlətlərarası münasibətlər əsasən sadə mal və xidmət mübadiləsindən ibarət olduğu halda, bu gün Azərbaycan və Özbəkistan birgə kapital, birgə istehsal və uzunmüddətli investisiya layihələri üzərində birlikdə addımlayır. 500 milyon ABŞ dolları kapitalla təsis edilən Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti məhz bu yeni modelin institusional təminatçısı rolunu oynayır. Avtomobil istehsalı, neft-kimya, energetika, kənd təsərrüfatı və turizm sahələrində gerçəkləşdirilən layihələr, eləcə də özəl sektorun xətti ilə Daşkənddə həyata keçirilən “The Ritz-Carlton” kompleksi və digər bölgələrdəki “Sea Breeze Uzbekistan” kimi irimiqyaslı təşəbbüslər kapital axınının qarşılıqlı xarakter aldığını açıq şəkildə ortaya qoyur. Üstəlik, Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının Azərbaycanda uğurla fəaliyyət göstərməsi bu iqtisadi tərəfdaşlığın möhkəmliyini əyani surətdə təsdiqləyir.
Bu strateji yaxınlaşma və qardaşlıq təsadüfi xarakter daşımır, əksinə əsrlərə dayanan mənəvi bağlara və sınaqlardan çıxmış tarixi həmrəyliyə əsaslanır. SSRİ dövrünün mürəkkəb siyasi təzyiqləri, sərt mərkəzi idarəçilik sistemi və ideoloji basqıları zamanı Ümummilli Lider Heydər Əliyev Özbəkistan rəhbərliyini, xüsusilə həmin dövrdə mərkəzin ədalətsiz hücumlarına və təqiblərinə məruz qalan özbək rəsmilərini və görkəmli dövlət xadimi Şərəf Rəşidovu hər zaman qətiyyətlə müdafiə edərək xalqlarımızın dostluğuna sadiqliyini əməli şəkildə nümayiş etdirmişdir. Heydər Əliyevin həmin dövrdə nümayiş etdirdiyi bu prinsipiallıq və qardaşlıq mövqeyi xalqlarımız arasındakı mənəvi körpüləri əbədiləşdirmişdir. Bu gün həmin tarixi təməl Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qətiyyətli siyasi iradəsi ilə yeni zirvələrə ucalır. Son illərdə intensivləşən qarşılıqlı səfərlər, imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətin təbii müttəfiqliyini hüquqi müstəvidə qəti şəkildə rəsmiləşdirdi. Ali Dövlətlərarası Şura isə bu əməkdaşlığın strateji prioritetlərini müəyyənləşdirən əvəzsiz mexanizmə çevrilib.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, nəqliyyat və logistika məsələləri ikitərəfli çərçivəni aşaraq bütövlükdə Avrasiya məkanının tərəqqisinə birbaşa təsir göstərir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası qlobal təchizat zəncirlərinin diversifikasiya olunduğu dövrdə müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın Xəzər hövzəsindəki əsas logistika qovşağı olması ilə Özbəkistanın Mərkəzi Asiyanın nəhəng istehsal potensialının birləşməsi ənənəvi tranzit çərçivəsini üstələyən dəyərli bir iqtisadi mühit formalaşdırır. Ölkəmiz bunun sayəsində sadəcə tranzit məntəqəsi deyil, regional logistika və istehsal mərkəzi statusunu qətiyyətlə möhkəmləndirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu qoşulması nəticəsində ənənəvi formatın genişlənməsi tarixi əhəmiyyət daşıyan geosiyasi hadisədir. Bu proses Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında iqtisadi və siyasi sərhədlərin tədricən aradan qalxmasından, Xəzərin hər iki sahilinin vahid əməkdaşlıq məkanına çevrilməsindən xəbər verir. Eyni zamanda, “Yaşıl Dəhliz Birliyi” çərçivəsində bərpaolunan enerjinin Xəzər dənizinin dibi ilə Qərbə nəqli perspektivi Azərbaycanı ənənəvi enerji ixracatçısı rolundan çıxararaq regional yaşıl enerji tranziti və bağlantılarının əsas koordinasiya mərkəzinə çevirir.
İqtisadi və siyasi proseslərin dayanıqlığı həm də cəmiyyət və xalq səviyyəsindəki möhkəm bağlardan asılıdır. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına orta məktəb, işğaldan azad edilmiş torpaqlarımızda salınan 100 hektarlıq “Dostluq bağı”, Bakının mərkəzində təməli qoyulan 5 hektarlıq “Özbəkistan” parkı bu qardaşlığın əyani və daşlaşmış simvollarıdır. Bakı və Daşkənd ilə yanaşı, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Quba-Cizak və digər qardaşlaşmış şəhərlər arasında qurulan əlaqələr humanitar tərəfdaşlığı birbaşa yerli icmalar səviyyəsinə daşıyır. Media forumları, QHT əməkdaşlığı, eləcə də ilk dəfə elan edilən birgə qrant müsabiqələri vətəndaş cəmiyyətlərini də bu ümumi tərəqqi prosesinə sıx şəkildə bağlayır. Türk Dövlətləri Təşkilatı və Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsindəki fəaliyyət isə bu ikitərəfli müttəfiqliyin bütün Türk dünyasının inteqrasiyasına xidmət edən qlobal bir missiya daşıdığını təsdiq edir.
Nəticə etibarilə, Azərbaycan ilə Özbəkistan arasındakı müttəfiqlik modeli sadəcə iki qonşu və qardaş ölkənin uğurlu ikitərəfli münasibətləri ilə məhdudlaşmır, bu eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan, Avrasiya məkanında sülhü, sabitliyi və davamlı iqtisadi tərəqqini təmin edən yeni geoiqtisadi arxitekturanın təməl daşını təşkil edir.

Sadiq Qurbanov,

Milli Məclisin deputatı