Rusiya Ermənistandan da çıxır?-TƏHLİL

Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza ətrafında siyasi qalmaqal son zamanlar yenidən artıb. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın istəyəcəyi halda Gümrüdəki bazanı “günü sabah” çıxara biləcəyini açıqlamışdı.

Ermənistan Baş naziri Nikol Paşinyan isə son açıqlamasında deyib ki, İrəvan bu bazanın mövcudluğunu həyati zərurət hesab etmir, lakin onun çıxarılması məsələsini qaldırmayıb.

Paşinyan həmçinin bildirib ki, Bişkekdə baza ilə bağlı heç bir müzakirə aparılmayıb, əvvəllər də bu məsələ qaldırılmayıb. “Əgər Rusiya bazanı geri çəkmək qərarına gəlsə, etiraz etməyəcəyik. Lakin onu saxlamaq qərarına gəlsə, biz bunu da müzakirə etməyə hazırıq”, – Paşinyan qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Nikol Paşinyanın 102-ci baza ilə bağlı dediklərinə istehzalı şəkildə cavab verib. Zaxarova özünün “Telegram” kanalında Paşinyanın Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı dediklərini paylaşaraq, Mixail Bulqakovun “İt ürəyi” əsərindən “Siz kişisiniz, yoxsa qadın?” sitatını gətirib.

102-ci hərbi bazanın taleyi, əslində, uzun müddətdir ki, qeyri-müəyyən olaraq qalır. Baza 1941-ci ildə Sovet ordusunun hərbi hissəsi kimi yaradılmışdı. Gümrüdə yerləşməsi və Ermənistanın Türkiyə🇹🇷 ilə sərhədinə çox yaxın olması onu İrəvan üçün həmişə strateji və mühüm edib. SSRİ dağılanda isə Rusiya ordusu Ermənistandan tamamilə çıxmadı. 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalanmış sazişlə Gümrüdəki baza artıq müstəqil Ermənistan ərazisində Rusiyanın hərbi bazası kimi rəsmiləşdirildi.

Baza ilə bağlı ən kritik məqam 2010-cu ildə baş verdi. Belə ki, Rusiyanın bazadan istifadə müddəti 2044-cü ilə qədər uzadıldı. Əslində, dövrün şərtləri nəzərə alındıqda, bu, ağıllı addım idi. Çünki dəyişikliklərlə bazanın missiyası da yalnız Rusiyanın maraqlarının qorunması ilə məhdudlaşdırılmadı, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Ermənistan ordusu ilə birlikdə iştirak etmək məsələsi də sənədlərə daxil edildi.

Lakin 44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror əməliyyatları ilə Azərbaycanın torpaqlarının işğaldan azad etməsi, daha sonrakı mərhələdə Bakı və İrəvan arasında danışıqların konstruktiv əsasda uğurla davam etməsi, mövcud şərtlər və ən önəmlisi, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırma prosesinə başlaması 102-ci hərbi bazanın strateji əhəmiyyətini sıradan çıxardı.

Paşinyanın, “Baza Ermənistan üçün həyati əhəmiyyət daşımır”, – deməsi də təsadüfi deyil. Faktiki olaraq, bu gün Ermənistanın nə müharibə etdiyi bir Azərbaycan var, nə də qorxmalı olduğu Türkiyə. Burada qəribə paradoks yaranır. Belə ki, Paşinyan və komandası, hətta Qərb 102-ci hərbi bazanı artıq Ermənistanı qoruyan bir qalxan kimi yox, əksinə, Kremlin İrəvana təzyiq elementi kimi görür.

Əslində, Paşinyan bazanın çıxmasını istəyir, lakin bu tələbi açıqca demir. Əksinə, “Rusiya çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik, saxlamaq istəsə, müzakirəyə hazırıq” deyir. Yəni İrəvan bir tərəfdən Rusiyanın hərbi mövcudluğunun Ermənistan üçün əhəmiyyətini itirdiyini deyir, digər tərəfdən məsuliyyəti Moskvaya yükləyir.

Bu isə səbəbsiz deyil. Çünki Paşinyan bazanın çıxarılmasını tələb etsə, bunun ardınca Moskvanın siyasi və iqtisadi reaksiyasının necə olacağı da ayrıca problemə çevrilə bilər.

Məhz bu yanaşma Zaxarovanın istehzasının əsas hədəfidir. “Siz kişisiniz, yoxsa qadın?” sitatı ilə Zaxarova Paşinyanın mövqeyindəki siyasi qeyri-müəyyənliyi vurğulamağa çalışır. Moskvanın mesajı təxminən belədir: əgər Ermənistan bu bazanı artıq həyati əhəmiyyətli hesab etmirsə, bunu açıq şəkildə desin və nəticəsini də üzərinə götürsün. Əgər bazanın qalmasına qarşı deyilsə, o zaman niyə onun əhəmiyyətini aşağı salan bəyanatlar verir?

Təbii ki, burada Kremlin narahatlığının səbəbinə də baxmaq lazımdır. 102-ci baza Rusiya üçün sadəcə Ermənistandakı hərbi obyekt deyil. O, Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi varlığının ən mühüm simvollarından biridir. Hətta son siyasi prosesləri nəzərə alsaq, tək tutunduğu qala da demək olar. İrəvanın Qərbə yaxınlaşması, KTMT-dən uzaqlaşması və Rusiya ilə əvvəlki təhlükəsizlik modelini sorğulaması fonunda bazanın statusu artıq hərbi məsələdən çox siyasi rəmzə çevrilib.

Görünən odur ki, 102-ci baza ətrafında müzakirələr hələ davam edəcək. Bu məsələ Ermənistanın Rusiyadan nə qədər uzaqlaşdığı, Qərbə nə qədər yaxınlaşdığı və Moskvanın Cənubi Qafqazda dəyişən rolunun hansı həddə qədər davam edə biləcəyini bizə göstərəcək.

Müəllif: Turan Rzayev, politoloq