Güney Azərbaycandakı soydaşlarımızdan Rusiyaya ETİRAZ

Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq, 27 iyun 2025-ci il tarixində Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan əsilli Səfərovlar ailəsinə və digər soydaşlarımıza qarşı həyata keçirilmiş təhlükəsizlik əməliyyatını ciddi narahatlıq və dərin təəssüf hissi ilə qarşılayırıq.

İki nəfərin qətlə yetirilməsi, bir neçə ailə üzvünün ağır şəkildə yaralanması və onlarla azərbaycanlının saxlanılması ilə nəticələnən bu müdaxilə, təəssüf ki, son aylarda Rusiyada soydaşlarımıza qarşı artan təzyiqlərin davamı və daha geniş siyasi kontekstin bir göstəricisidir.

2024-cü ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin vurulması ilə başlayan bu gərginlik fonunda, Yekaterinburqda baş verənlər hüquqi çərçivəni aşan və insan haqları baxımından ciddi suallar doğuran bir vəziyyətdir. Bu hadisələr, Azərbaycanın müstəqil siyasi mövqeyinə və türk dünyasında artan birliyə qarşı yönəlmiş daha geniş basqıların tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Biz Rusiya Federasiyasının səlahiyyətli qurumlarını baş verən hadisəyə dair aydın və əsaslandırılmış açıqlama verməyə, saxlanılan şəxslərin hüquqlarına hörmət göstərməyə və bu zorakılıq aktına görə məsuliyyət daşıyanları hüquqi çərçivədə cavabdeh tutmağa çağırırıq. Eyni zamanda beynəlxalq ictimaiyyəti və insan haqları institutlarını bu kimi hallara qarşı prinsipial və obyektiv mövqe nümayiş etdirməyə səsləyirik.

Azərbaycan xalqının iradəsini zor və təzyiqlərlə sındırmaq cəhdləri nə siyasi, nə mənəvi, nə də tarixi baxımdan nəticə verə bilər. Biz bu haqsızlıqlar qarşısında soydaşlarımızla həmrəy olduğumuzu bir daha bəyan edir, ədalətin və insan haqlarının bərpası naminə mübarizəmizi davam etdirəcəyimizi bildiririk.

Güney Azərbaycan Cümhuriyyət Partiyası
30 iyun 2025