Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Köçkün ermənilər Azərbaycan izlərini sildilər” adlı veriliş efirə gedib.
Verilişdə tanınmış erməni etnoqraf və yazıçı Lusine Xaratyanın qaçqın ermənilərin Qərbi Azərbaycanda məskunlaşması haqqında yazdığı elmi məqalədə adi vətəndaşdan başlamış, dövlət səviyyəsində oranın yerli əhalisi olan türklərin tarixinin silinməsini və yeni tarixin yaradılmasını faktlarla ifşa etməsindən bəhs olunur.
Bildirilir ki, Basarkeçər (Vardenis) rayonunun məskunlaşdırılmasından yazan müəllif 1988-ci ildən əvvəl buraya köçürülmənin tarixinə toxunur, Ermənistanda dövlət səviyyəsində Basarkeçər rayonunda aparılan ad dəyişdirmə siyasətinin əsas istiqamətlərini göstərməklə gizlədilən mahiyyəti ifşa edir. O, yazıçı və alim olaraq “erməni soyqırımı” yalanının xalqı milli yaddaş dalanına salan ideoloji basqı kimi bədii əsərlərində ifşa etməklə 1915-ci il soyqırım uydurmasının mahiyyətini açır, Ermənistan siyasi rəhbərliyinin etnik təmizləmədən sonra Azərbaycan izlərini silmək siyasətini diqqətə çatdırır.
Süjetdə qeyd olunur ki, Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası nəticəsində boşaldılan kənd və ərazilərə 18-21-ci illərdə əsasən Türkiyə və İrandan gələn ermənilər yerləşdirilirdisə, 1948-1953-cü illər deportasiyasından sonra Suriya, Livandan gələn ermənilər boşalan məhəllə, kənd və bölgələrə köçürülüblər.
Sonda vurğulanır ki, Basarkeçər rayonunun adını dəyişib, Vardenis qoymaqla Ermənistan rəhbərliyi əslində heç də erməniləşdirmə apara bilməyib: “Müəllifin qeyd etdiyi erməniləşdirmə, yəni guya mövcud olmuş erməni adlarının bərpası tarixi oyunbazlıqdan və ənənəvi erməni uydurmalarından başqa bir şey deyil. Yalana alışan erməni tarixçiləri reallıqla əlaqəni itiriblər. Bununla belə, dövlətin təklif etdiyi yeni rəsmi adlar hələ də istifadə olunmur. Onlar xəritələrdə, yol nişanlarında, rəsmi yazışmalarda var, lakin sakinlər çox vaxt kəndləri köhnə adları ilə çağırmağa davam edirlər – Şişqaya, Məzrə, Zod və s. Hətta 1969-cu ildə Vardenis adlandırılan rayona hələ də çoxları tərəfindən Basarkeçər deyilir. Müəllif ermənilərin köçdükləri azərbaycanlı evlərinin özlərinə uyğun qurulma prosesini izah etməklə bir daha erməni xislətinin eybəcərliyini ortaya qoyur”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
azpolitika.az