Budapeştdən görünən Azərbaycan-Aygün Qasımova yazır

Budapeştdən görünən Azərbaycan: Etibarlı tərəfdaş, öncül təşəbbüskar və inteqrasiyaya açıq güc

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 21 may 2025-ci ildə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü həm yerli və həm də xarici mətbuatın diqqət mərkəzində oldu. Xüsusən, ona görə ki, bu zirvə görüşü ilk dəfə  olaraq türk coğrafiyasından kənarda – Avropada baş tutdu. Bunun da olduqca mühüm siyasi və strateji əhəmiyyəti dünyanın aparıcı ölkələrinin diqqətini Budapeştə yönələtdi. Belə olan təqdirdə Hun türklərinin törəsinə mənsub olan macarların  TDT-nın Avropa təmsilçiliyini yerinə yetirəcəyi artıq aksiomadır.Azərbaycanın strateji tərəfdaşı olan Macarıstan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzv olmasına baxmayaraq bu Avropa ölkəsinin türk dünyasında gedən inteqrasiya proseslərinə qoşulacağı tarixi reallığa çevrilib. Və dövlət rəhbərliyi səviyyəsində TDT-yə öz töhfələrini verməyə hazır olduqlarını açıq şəkildə bəyan ediblər. Zirvə görüşü qeyri-rəsmi xarakter daşısa da müzakirə olunan məsələlərin çoxluğu, məzmunu və əhəmiyyəti baxımından kifayət qədər zəngin olub.

Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra önəmli məqamlara toxunmaqla yanaşı Macarıstanın Baş naziri Viktor Orbanı dost ölkənin əldə etdiyi nailiyyətlərə görə təbrik edib.Eyni zamanda Azərbaycan bu sammitdə regional iqtisadi siyasətin formalaşdırılmasında liderliyini, ticarət, enerji və innovasiya sahələrində əhəmiyyətli mövqeyini bir daha nümayiş etdirib.

Siyasi ekspertlərin və beyin mərkəzlərinin diqqətini cəlb edən məsələlrdən biri də Budapeşt zirvə görüşüşün 2024-cü ildə Azərbaycanda keçirilmiş Qarabağ Sammitindən sonra ikinci qeyri-rəsmi TDT sammiti olmasıdır. Çünki Qarabağ Bəyannaməsi həmin sammitdə qəbul edilib və Budapeştdə müzakirə edilən bir çox təşəbbüsün əsası da məhz o zaman  qoyulub. Bu isə onu göstərir ki,Azərbaycan Türk Dövlətləri Təşkilatının iqtisadi gündəliyinin təkmilləşməsindəki liderliyini bu sammitdə də davam etdirib. Budapeştdə keçirilən Zirvə görüşü TDT daxilində iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm bir addımlardan biri kimi dəyərləndirlməldir. Zirvə görüşünün sonunda qəbul olunmuş Birgə Yekun Bəyannaməsində 71 bəndin yer alması da bir daha bu zənginlikləri aydın şəkildə ifadə edir. Budapeşt Bəyannaməsi  həm də Türk Dövlətləri Təşkilatının perspektivlərini və gələcəkdəki strateji fəaliyyət istiqamətlərini bir daha möhkəmləndirib.Müzakirə olunmuş məsələlərin mahiyyətinə vardıqda isə son 30 il ərzində türk dünyası miqyasında aparılan inteqrasiya proseslərinin nəticəsi olaraq yaranmış mövcud mənzərə diqqətdən qaça bilməz. Zirvə görüşündə açqılanan məqamlardan biri də hazırda türk dövlətləri arasında 35 müxtəlif fəaliyyət sahələrində qarşılıqlı əməkdaşlığın aparılmasıdır.Budapeşt sammitində Türk dövlətlərini bir-birinə daha da yaxınlaşdıran əməkdaşlıq sahələri arasında nəqliyyat – logistika, enerji istehsalı və ötürülməsi, yaşıl energetika, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, hərbi-texniki əməkdaşlıq, kibertəhlükəsizlik və eləcə də kosmik araşdırmalar sahəsində qarşılıqlı əməkdaşlığın vacibliyi də önə çəkilib.Türk dövlətləri arasında qarşılıqlı əməkldaşlığın genişləndirilməsi, tezliklə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması və ortaq türk kimliyinin təsis edilməsi kimi məsələlər geniş türk coğrafiyasında inteqrasiya proseslərini stimaullaşdıran addımlar kimi dəyərləndirilməli və təqdir edilməlidir.

Türk Dövlətləri Başçılarının rəsmi Zirvə görüşü bu il ölkəmizdə keçiriləməsini nəzərə alsaq, Budapeştdə müzakirə olunmuş məsələlər üzrə rəsmi qərarların qəbul olunmasına şahidlik edəcəyik. Bu həm də  praktiki addımların atılması üçün mühüm başlanğıc mərhələsi olacağına şübhə yeri qoymur.Budapeşt Zirvə görüşündə qəbul olunmuş Yekun Bəyannamə bünün üçün kifayət qədər etibarlı zəmin yaradıb.

Prezident İlham Əliyevin liderliyində Azərbaycan bu Zirvə görüşündə bir daha sübut etdi ki, həm Türk dünyasında, həm də kürəsəl (qlobal) miqyasda etibarlı tərəfdaş, öncül təşəbbüskar və inteqrasiyaya açıq gücdür. Bir sözlə, Budapeşt Zirvəsi Azərbaycanın beynəlxalq proseslərdə artan rolunun real və təkzibolunmaz nəticəsi kimi qiymətləndirilməlidir.

 

Aygün Qasımova,

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru,

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı